“Qarabağ” Avropa Liqasındakı mübarizəyə qələbə ilə start verdi.
Tofiq Bəhramov adına Respublika stadionunda İslandiya kubokunun son qalibi “Vestri”ni qəbul edən ağdamlılar 3:0 hesablı parlaq qələbəyə sevindi.
Oyun başa çatandan sonra maraqlı məqam iqqətdən yayınmadı.
“Qarabağ”ın yeni transferi Bruno Lanqa ilə “Vestri”nin yarımmüdafiəçisi Sergine Fall meydanın mərkəzində üz-üzə gəlib görüşdülər, bir-birini qucaqlayıb uzun müddət söhbət etdilər, yekunda formalarını dəyişdilər.
Hətta “Qarabağ”lı futbolçuların tribunaların önünə yollanıb azarkeşlərə təşəkkür etməsi belə, Lanqanı Falldan ayırmadı.
Sanki əllərinə bir neçə dəqiqəlik fürsət düşmüşdü və bu imkandan maksimum yararlanıb doyunca danışmaq həvəsində idilər.
Lanqa Mozambikdən, Fall isə Seneqaldandır. Üstəlik, indiyə qədər heç vaxt eyni klubda və ya liqada oynamayıblar.
Belə olduğu halda xüsusi tanışlıq və mehribanlıq hardan irəli gəlir?
“Vestri”nin futbolçusu Sportinfo.az-a tanışlıq barədə danışıb:
“Bruno ilə əvvəldən tanışlığım yox idi. Oyun ərzində bir neçə dəfə üz-üzə gəldik, ikili mübarizələrimiz oldu. Hətta epizodların birində ona qarşı hərəkətə görə sarı vərəqə aldım.
Həm insan, həm də futbolçu kimi bəyəndim. Oyundan sonra özüm ona yaxınlaşdım. Futbol belədir, yeni tanışlıqlar, yeni dostluqlar qazandırır. Mən də Bruno ilə tanış oldum, onunla formalarımızı dəyişdik və xoş söhbət etdik. Sadəcə tanışlıq idi”.
Komandalar arasında cavab görüşü iyulun 16-dan 17-nə keçən gecə İslandiyada gerçəkləşəcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

