“Seltik”ə satılan Duranı Şotlandiyada görün kiminlə səhv saldılar!

19:40 Qarabağ 241
“Seltik”ə satılan Duranı Şotlandiyada görün kiminlə səhv saldılar!

“Qarabağ”dan ayrılan futbolçuların sayı 9-a çatdı.

Ramil Şeydayev, Emmanuel Addai, Sami Mmaee, Toral Bayramov, Fabyan Buntiç, Amin Ramazanov, Kevin Medina və Leandro Andradedən sonra Kamilo Duran da ölkəmizdən ayrıldı.

Kolumbiyalı hücumçu karyerasını Şotlandiya nəhəngi “Seltik”də davam etdirəcək.

56 dəfə Şotlandiya çempionatının, 43 dəfə ölkə kubokunun qalibi olmuş, 1967-ci ildə Çempionlar Liqasını qazanmış klub 24 yaşlı futbolçunun transferini ictimaiyyətə açıqlayıb.

Qlazqo təmsilçisinin 5 illik müqavilə bağladığı futbolçu “Seltik”də “11” nömrəli formada mübarizə aparacaq.

“Seltik” Kamilonun gəlişi ilə bağlı “instagram” hesabında nə az, nə çox, 7 paylaşım edib.

Təbii ki, yazılan şərhlərin arasında ən çox azərbaycanlıların yazdıqları diqqət çəkir. Onlar Duranın gedişinə üzüldüklərini bildirir, yeni klubuna ona yaxşı baxmağı tövsiyə edirlər.

Bəs, şotland azarkeşlərin məlum transferə reaksiyası necədir?

Buyurun, tanış olun:

“Nəhayət ki, gerçəkləşdi. Görək, “Seltik”də bizim üçün nələr edəcək”.

“Solaxay cəllada ehtiyacımız var idi. O da gəldi”.

“Uğur olsun, Duran. Çempionlar Liqasında vurduğun qolların davamını gözləyirik”.

“Bizi vurduğun qollarla sevindir, sənə cənnət havası yaşadaq”.

“Aston Villa”da möhtəşəm idi. “Seltik”də daha yaxşı işlər görər (müəllif Kamilonu digər kolumbiyalı, son 1 ildə “Fənərbağça” və “Zenit”də çıxış etmiş Con Duranla səhv salıb – H.).

“11”i daşımaq istəyibsə, deməli, özünə arxayındır. Qollarını gözləyirik, Duran”.

“Transferlərə ötən mövsüm Çempionlar Liqasında 5 qol vurmuş futbolçu ilə başladıqsa, davamı yaxşı gələcək. Bu, digər 8-9 futbolçudan biridir”.

“İllərdir heç bir futbolçuya görə belə həyəcanlanmamışdım. Nədənsə məndə “Seltik”in əfsanəsi olacağı ümidini yaradır. Səbrsizliklə gözləyirəm”.

“Bu səviyyədə futbolçunun sağında və solunda özü kimi bir neçə nəfər də olmalıdır. Bizdə belələrin sayı neçə nəfərdir görəsən?”

“Əvvəlki klubunda bir mövsümə 15 qol vurub. Xoş gəlmisən, arzuladığımız hücumçu”.

Kamilo Duran ötən mövsüm “Qarabağ”ın heyətində bütün turnirlərdə meydana çıxdığı 45 matçda 15 qol vurub, 10 qolun ötürməsini verib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti