«Qarabağ» 2021-ci ildən sonra qayıtdığı Avropa Liqasına qələbə ilə start verdi. «Vestri» yenilənmiş «Qarabağ»ın qalibiyyətlə tanış olması üçün ən münasib rəqibdir desək, qətiyyən yanılmarıq. İslandiyanın II Liqasında çıxış edən komandanın gücü yalnız ilk 5-10 dəqiqə ərzində mübarizə aparmağa çatdı. Sonra 11 nəfərlə müdafiənin qayğısına qaldılar və bu, oyunun tempini, gərginliyini, həzzini «öldürdü».
«Qarabağ»a udmaq lazım idi, onu da əldə etdi. Birinci yarım saatın tamamında hesabı açıb, fasiləyə saniyələr qalmış ikinci dəfə fərqləndilər. Üçüncü qol isə matçın final firti öncəsi gəldi.
Bu arada sərgilənən futbola baxıb «Qarabağ»ın Avropa Liqasında nə qədər irəli gedə biləcəyini təxmin etmək, düzü, çox çətindir. Növbəti təsnifat mərhələsində dayanmaqları da mümkündür, qruplara qalması da.
Adətən, ilk oyunlar həmişə çətin keçir. Rəqiblərin kimliyindən asılı olmayaraq. «Vestri» rəqib deyil «Qarabağ»a, amma bundan sonra… Güman ki, Bolqarıstan MOİK-i qarşıdakı etapda Qurban Qurbanovun qarsısına çıxacaq.
Önümüzdəki iki həftə böyük vaxtdır. İyunda kardinal islahatlara getmiş, 8 nəfəri yollayıb, eyni sayda legioneri rənglərinə bağlamış «Qarabağ»da daşların yerinə oturmasına, yəni, yenilərin bir-birlərinə, ondan əvvəlkilərə uyğunlaşmasına, komanda ritmini tutmasına zaman lazımdır. Sözsüz, üzdən bir-birlərini təzə-təzə tanımağa başlayan, hələ adlarını doğru-dürüst bilmədikləri əcnəbi toplusundan ilk həftələrdə ideal oyun tələb etmək yersizdir. Qurbanovun əlində sehrli çubuq yoxdur ki, bir-iki həftənin, 1 ayın içində hər şeyi nizama salsın, gül gülü, bülbül bülbülü çağırsın. Xətlərarası əlaqənin normala yaxın səviyyəyə qalxması, uzun və qısa ötürmələrdə dəqiqlik faizinin yüksəlməsi, hücum, yacud əks-hücumlar zamanı düzgün mövqe seçimi vaxtla düzələn məsələlərdir.
Bu, problem deyil, çünki Qurban Qurbanov oradadır, işinin başındadır. O isə deyir ki, daha da məsuliyyətli olmaq, daha da çox çalışmaq lazımdır. Bilir, görür, ona görə də bunları söyləyir. Axı biz Qurbanovun nəvaxtsa boş yerə çənə yormasını, yalan danışmasını görməmişik.
Ayrı-ayrılıqda götürsək, yenilərdən Zakaria Savo, Renaldo Sefas, Bense Varkonyi və Samuel Lobato özlərini debütdəcə yaxşı tərəfdən göstərdi. Hiss olundu ki, irəlidə «Qarabağ»a böyük faydaları dəyəcək. Sıradan oyunçu deyillər, Qurbanov hər birini zərgərcəsinə seçib. Fərd olaraq hərəsi bir keyfiyyətə sahibdir. Savo və Renaldo sürəti və topla rəftarı, Varkonyi soyuqqanlı davranışı, Lobato səliqəli ötürmələri ilə diqqət çəkdi. Biz bunu «Vestri» önündə müəyyən qədər müşahidə etdik. «Qarabağ»ın qarşısına daha güclü rəqiblər çıxınca, onları daxa yaxından tinımaq fürsətimiz olacaq.
MUSA

