"Qarabağ" mövsüm bitər-bitməz Zakariya Savo və Jali Muaddibin keçidini elan etdi.
Amma bu son deyil. Xəbər verdiyimiz kimi, "atlılar" qapıçı Martin Zlomisliçlə də anlaşıb.
Mateus Koxalskinin klubdan ayrılmaq ehtimalından aylardır narahat olan azarkeşlər rahat nəfəs ala bilər.
Düzdü, polşalı kiperin gedişi dəqiqləşməyib.
Ağdam klubunda qala bilər.
İstənilən halda, Bosniya Herseqovinadan olan kiperin karyerası yaxşı gələcəkdən xəbər verir.
"Riyeka"nın kapitanı döyüşçü ruhuna sahibdir.
Klubun ötən mövsüm qızıl dubl etməsində müstəsna rol oynayıb.
Uzaq zərbələrə, yaxın məsafədən gələn toplara əla refleksi var.
Sabit çıxış etməsi diqqət çəkir.
5 mövsümdü Xorvatiyada legioner həyatı yaşayan Martin tez-tez macəra axtarışına çıxmağa həvəsli deyil.
Yaşının 27 olmasını nəzərə alsaq, eyni sayda mövsümü burada da keçirə bilər.
İntizamlıdır. Başa çatan sezon bütün turnirlər daxil meydana çıxdığı 57 matçda cəmi bir sarı vərəqə alıb.
Qurban Qurbanovun dəmir nizam-intizamına tam olaraq yapışan göstəricidir.
Ümumiyyətlə, adıçəkilən ölkədən gələnlər "Qarabağ"da yaxşı mənada yadda qalmağı bacarıblar.
Martinin həmyerliləri olan Asmır Beqoviç və İbrahim Şehiç bu gün də Ağdam klubunda xatırlanır.
Deməli, erkən adaptasiya olmaq baxımından da tuneldə işıq görünür.
Hətta Koxalski qalsa belə, əsas heyətdə oynamaq potensialına sahibdir.
Bir sözlə, fantastik rəqabətə şahidlik edə bilərik.
XANOĞLAN / SPORTİNFO.AZ

