Kadi Borges “Qarabağ”a böyük ümidlərlə gətirilmişdi.
Qaytarılmışdı da deyə bilərik.
Lakin ötən mövsümün gedişatı göstərdi ki, bu Kadi o Kadi deyil.
Azərbaycan Rusiyaya, oradan da Macarıstana üz tutan braziliyalı yarımmüdafiəçi inkişaf etmək əvəzinə geriləyib.
2021-ci ildə “Qarabağ”a gələn və “köhlən atlar”ın formasını geyindiyi ilyarım ərzində yaşıl meydanlarda yaratdığı xarüqələrlə adından söz etdirən 30 yaşlı futbolçunun keçmiş günlərindən əsər-əlamət qalmayıb.
Futbolçu kimi gerilədiyi göz qabağındadır. Ağırlaşıb, rahatlaşıb, intizamsızlığı artıb və ən pisi, ətrafındakılarla davranış tərzi qaydasında deyil.
Bu dəqiqə “Qarabağ”lı futbolçular arasında kimin komandadan getməli olduğuna dair sorğu keçirsən, bir ağızdan Kadi deyəcəklər. Futbolçularla münasibət qurmaqda çətinlik çəkir. Çünki özünü hamıdan yüksəkdə görür.
Şübhəsiz, baş məşqçi Qurban Qurbanov bunun fərqindədir. Bəlkə də ötən ilin fevralında imzalanan 4 illik müqaviləyə gürə indi başını tutur.
Əlacı olsa, bu dəqiqə ən kobud formada ona qapını göstərər. Edə bilmir.
Çünki qarşıda 2,5 illik müqavilə şərti var. Hər il üçün nəzərdə tutulmuş 700 min dollar. Ümumi 1 milyon 750 min dollar.
“Qarabağ” Borgesi yola salmaq üçün məhz bu qədər puldan keçməlidir. Tərəflər danışıq aparıb razılıq əldə etsələr belə, təzminat məbləği 1 milyon dollardan aşağı olmayacaq.
Bunu bildiyi üçün də meydanda ağalıq edir, rəqib futbolçularla və hakimlərlə münaqişə yaşayır, komandadakı nüfuzunu düşünmür. Oyna(ma)dığı futbol isə göz qabağındadır – sıfır səviyyəsindən bir az artıq.
“Qarabağ” yenilənmək və növbəti mövsümdə uğur qazanmaq istəyirsə, Kadi ilə yolların ayrılması mütləqdir. Lap 1 milyondan keçmək bahasına olsa belə.
Kadi “Qarabağ”dakı ilk dönəmdə 75 oyunda 28 qol və 28 assistlə yadda qalmışdısa, ikinci qayıdışından sonrakı məhsuldarlığı belədir – 56 oyun, 13 qol və 14 assist.
Həm oyun, həm də qol+assist göstəririclərindəki geriləmə göz qabağındadır.
HƏBİB / SPORTİNFO.AZ

