“Qarabağ” Pedro Bikalyo ilə müqavilənin müddətini uzadıb.
Bu barədə braziliyalı legionerin çalışdığı agentlik məlumat yayıb.
Agentlik sosial şəbəkə hesablarında bunları qeyd edib:
“Yarımmüdafiəçi Pedro Bikalyonun “Qarabağ”la müqaviləsini yenilədik.
Komandanın ən görkəmli oyunçularından biri olan Bikalyo,xüsusilə 2025/2026 Çempionlar Liqası mövsümündə Azərbaycan klubu üçün yüksək səviyyəli oyunlar nümayiş etdirib. Bu yeni fəsildə sizə uğurlar!”
Pedro Bikalyo ötən ilin yayında qoşulduğu “Qarabağ”la 3+1 illik müqavilə imzalayıb. O, Ağdam təmsilçisində 50 oyuna 1 qol vurub.
Klubdan redaksiyamıza daxil olan məlumata görə, “sambaçı“ haqda son xəbər heç də düzgün anlaşılmayıb. 25 yaşlı əcnəbiylə kontraktı uzadılmayıb - hər şey olduğu kimi qalır.
Sadəcə, anlaşmanın maliyyə şərtlərinə təkrar baxılıb. Bikalyonun maaşı ilk mövsümlə müqayisədə artırılıb. Bu da ona gələn təkliflərin çoxluğu ilə əlaqədardır.
Belə ki, son 6-7 ayda braziliyalıya böyük maraq yaranıb: istər ölkəsindən, istər Avropadan, istərsə də ərəblərdən. Aldığı dəvətlər cənubi amerikalının fikrini bir qədər qarışdırıb.
Səbəbkar hətta bir müddət əvvəl baş məşqçi Qurban Qurbanova yaxınlaşaraq, buradan getmək niyyətinə düşdüyünü bildirib.
Aparılan danışıqların yekununda razılıq əldə edilib - məvacib artımı braziliyalını fikrindən daşındırıb.
SPORTİNFO.AZ

