“Qarabağ”ın qapıçısı Mateuş Koxalski karyerasını İngiltərədə davam etdirmək arzusunu açıqlayıb.
Sportinfo.az xəbər verir ki, 25 yaşlı qolkiper ölkəsinin sport.pl portalına müsahibəsində bildirib ki, İngiltərə Premyer Liqasında oynamaq onun əsas hədəflərindən biridir:
“Premyer Liqa klubuna transfer olmağı xəyal edirəm. Liverpulda keçirdiyim anlar mənim üçün xüsusi idi.
Bu gün ‘You’ll never walk alone’ eşidəndə həmin oyunda buraxdığımız altı qolu xatırlayıram”.
O etiraf edib ki, ABŞ-dan MLS liqasından aldığı təklifi qəbul etməyib.
“ABŞ-dan sorğular var idi, amma MLS-ə transfer təklifini rədd etdim”.
Koxalski deyib ki, arzuzu İngiltərə Premyer Liqasıdır, amma ehtiyat qapıçı olacağı komandaya getməyəcək:
“Daim oynamaq və bir nömrə olmaq istəyirəm. Məni yalnız bu maraqlandırır".
Koxalskinin “Qarabağ”la müqaviləsi 2027-ci ilin iyununda başa çatır.
Polşa mətbuatının məlumatına görə, 2026-cı ilin iyulun 1-dən qüvvəyə minəcək müqavilə bəndi qapıçının başqa kluba transferini asanlaşdıra bilər.
Bu müddəa bir ay ərzində aktiv olacaq və futbolçunun cəmi 2,5 milyon avro qarşılığında klubunu dəyişməsinə imkan verəcək.

