“Qarabağ” çempionluq yolunda növbəti ağır zərbəni dünən aldı.
Misli Premyer Liqasının 25-ci turunda “Kəpəz”ə 0:1 hesabı ilə məğlub oldular.
Yevlaxda keçirilən qarşılaşmaya hakimlər damğa vurdu. Əli Əliyevin «Qarabağ»ın verilməsini tələb etdiyi penalti epizoduna fərqli yanaşması artq ciddi müzakirə mövzusudur.
Ağdamlıların baş məşqçisi Qurban Qurbanov da keçirdiyi brifinqdə narazılığını dilə gətirdi.
“Mən narazılıq edəndə söhbət çox böyüyür. VAR-da, deyəsən, Rauf Cabbarov idi.
Meydandakı hakim görmədi, Rauf da üç dəfə baxdı, görmədi.
Epizoda baxdım. Penalti olduğunu düşünürəm. Kamilodan da soruşdum, dedi ki, ayağıma dəymişdi.
Əgər orada penalti yoxdursa, heç nə. Görək, nə deyəcəklər. Rauf Cabbarov da sağ olsun”.
Əslində, Qurbanovun işarə etdiyi epizod, əslində, mübahisəyə açıq deyil. Kolumbiyalı hücumçu Kamillo Duranın cərimə meydançası daxilində Şakir Seyidovun müdaxiləsi ilə yerdə qalması Marsdan da göründü.
Bunun üçün VAR otağında Rauf Cabarov yox e, hansısa bir «kolxoz Məmmədqulu» da əyləşsəydi, baş hakimə işarə etməliydi ki, nədir, nə deyil.
Yəni ki, hər şey göz qabağında oldu - bu, tər-təmiz, sudan durru penalti idi, verilməydi. Verilmədisə...
Hə, Qurban Qurbanov artıq açıq danışmalıdır, bir qədər yox. Daha gecikməz olmaz. İctimaiyyətin gözü açılmalıdır.
Şübhəsiz, hər şey Azər Bağırovun söylədiyi kimidir: «Qarabağ» «Kəpəz»dən qat-qat güclüdür.
Hakimlərin bu matçda «Qarabağ»ın lehinə penalti təyin etməməsi onların «Kəpəz»ə simpatiyasından, bu komandanı Premyer Liqada saxlamaq istəyindən irəli gəlmir. Çünki «Kəpəz»in özü mövsüm ərzində dəfələrlə «fit sahibləri»nin tərəfkeş münasibətindən əziyyət çəkib.
Burada səbəb və «əmma» başqadır, bambaşqa! Odur ki, Qurbanov dolayı mesajların başını buraxıb, konkret danışmalıdır artıq.
Deməlidir ki, «Qarabağ»ın hakimlərin əliylə «vurulması» hansı məqsəd daşıyır, hədəf nədir.
AFFA rəhbərliyi Rəhim Həsənova böyük etimad göstərib, Frank de Blekerdən sonra Hakimlər Komitəsinin sədri postuna gətirib.
Bu, hakimlik karyerasını bir neçə il öncə başa vurmuş biri üçün böyük şərəf və məsuliyyətdir. Təəssüf ki, o, işə başlayandan sonra hər şeyi unudub, cavabdeh olduğu sahəni qaldırmaq missiyasını kənara qoyub, qrup maraqlarının qulluqçusuna çevrilib.
Həsənov kimlərisə özünə «ağa» seçib, klublar arasında ayrı-seçkilik hallarına yol verir. Bunu o dərəcədə açıq-aydın, göz görə-görə edir ki… Sanki deputatdır, toxunulmazlıq hüququ var.
ELNUR
Həmin epizodun görüntülərini təqdim edirik:

