Cari mövsümdə “Sabah”ın çempionluq uğrunda “Qarabağ”a “diş göstərməsi” Premyer Liqaya əlavə rəng qatıb.
Ağdamlılar Çempionlar Liqasında mübarizə apardığı vaxtda elitada itirdiyi xalların ucbatından bu gün əsas rəqibinə aşağıdan yuxarı baxır.
Məlumdur ki, çempionatın qarşıdakı dönəmi son dərəcə maraqlı və gərgin idman mübarizəsi şəraitində keçəcək.
“Köhlən atlar”ın əsas simalarından olan monteneqrolu yarımmüdafiəçi Marko Yankoviç Sportinfo.az-a verdiyi müsahibədə ictimaiyyəti maraqlandıran sualları cavablandırıb.
- Mövsümün sonunda hansı komandanın çempion olacağı ilə bağlı təxminlər müxtəlifdir. Təcrübəli futbolçu kimi “Qarabağ”ın şanslarını neçə faizlə qiymətləndirirsən?
- Faizlə danışmağı xoşlamıram. Yalnız onu deyə bilərəm ki, titulu qorumaq üçün əlimizdən gələnin 100 faizini edəcəyik. Bundan sonra bütün diqqətimizi daxili yarışlara kökləyib lazım olan nəticələri qazanmağa çalışacağıq. Məqsədimiz ilk pilləni qaytarmaqdır.
- “Sabah” cari mövsümdə, xüsusən qış fasiləsindən sonra möhtəşəm performans nümayiş etdirir. Bu fakt sizə əlavə motivasiya verir, yoxsa narahatlıq yaradır?
- “Sabah” həqiqətən xoş sözlərə layiqdir. Onların etdiyi tək klubun adına yox, Azərbaycan futbolu üçün faydalıdır. Yaxşı “Sabah” yaxşı “Qarabağ” deməkdir. Tək bu iki komandanın yox, digərlərinin də inkişaf etməsi ölkə futbolu naminə xeyirlidir. Hər bir halda “Sabah”ın nəticələrini təqdirəlayiq hesab edirəm. Əminliklə deyirəm ki, onların uğurlu çıxışı bizə əlavə güc verir. Yanvar ayına qədər həddən artıq sıx qrafikdə oynayırdıq. Təqvimin sıxlığı, ardıcıl səfərlər və digər amillər çempionatdakı işimizi nisbətən çətinləşdirdi. Bundan sonra Premyer Liqanı və Azərbaycan kubokunu düşünəcəyik.
- Finişə 9 tur qalmış “Sabah” “Qarabağ”ı 7 xal qabaqlayır. Deyək ki, təxirə salınmış matçda “Neftçi”ni məğlub etməklə fərqi 4-ə endirdiniz. “Sabah”la şəxsi görüşdə də qalib gələcəyinizi düşünək. Arada 1 xal fərq qalır. Səncə, hansı komanda əsas rəqibinizi büdrədə bilər?
- Çempionatda asan rəqib yoxdur. Özümüzdən götürək, Premyer Liqada “Sumqayıt”a “Kəpəz”ə uduzmuşduq, kubokda “Şamaxı”ya məğlub olmuşduq. “Sabah”ın da məğlub olduğu, bərabərə qaldığı matçlar var. İstənilən komanda digərini dayandıra bilər. Oyuna yaxşı hazırlaşmasan, yaxud səhv etsən, istənilən anda məğlub ola bilərsən. Açığı, “Qarabağ”da heç kim “Sabah”ın nəticələri barədə düşünmür. Bu dəqiqə bütün diqqətimizi öz oyunumuza, öz nəticələrimizə ayırmışıq. İlk növbədə özümüz qələbələr qazanmalıyıq. Daha yaxşı olmaq üçün nə etməliyik? – bu gün üçün əsas sual budur.
- Bundan sonrakı “Qarabağ”ı necə təsəvvür edirsən?
- Həmişə kimi döyüşkən, əzmkar və hər oyuna qələbə həvəsi ilə çıxan komanda kimi. Daha yaxşı oynayacağımızı düşünürəm.
- Rəqiblər daha təhlükəli, amansız “Qarabağ” görəcək?
- Buna məcburuq. Qarşıdakı 10 oyunda hansı keyfiyyətlərə sahib olduğumuzu ortaya qoymalıyıq. Bundan sonra hansısa rəqibə bizdən üstün olmağa və oynamağa imkan verməyəcəyik.
- Növbəti rəqibiniz son 3 oyunda məğlub olmayan “Kəpəz”dir. Yevlaxda süni örtükdə oynamaq, qələbə qazanmaq çətin görünür.
- Bu, Yevlaxda ilk oyunumuz olacaq. Sözsüz, hər bir futbolçu təbii qazonda oynamaq istəyir. Lakin şərtlər belədirsə, əməl etməliyik. Hər bir halda meydana qələbə üçün çıxıb buna nail olmağa çalışacağıq. Məqsədimiz dəyişməz qalır.
HƏBİB

