Qurban Qurbanov bütün varlığı ilə «Elfsborq»u fikirəşir.
Biz hər gecə yatırıq, o isə səhəri dirigözlü açır bəlkə.
Gələn həftə İsveçə ediləcək səfərin planlarını qurur. Nə edəcək, necə edək, qələbə qazanaq, pley-off şansını saxlayaq - bu suallar gecə-gündüz onun beynini məşğul eləyir.
«Qarabağ» ağır qrafiklə işləyir. 10 günə 3 oyun keçirmək, doğrudan da, əzab və əziyyətdir.
Rotasiyaya tez-tez əl atmaq Qurbanovun xoşladığı bir yanaşma deyil, tanıyırıq axı onu. Amma indi bunu etməlidir, məcburdur.
Təqvimin sıxlığı və zədəli futbolçuların olması baş məşqçini B və C variantları üzərində düşünmək zərurətində buraxır.
O, «Sabah»la qarşılaşmada «Elfsborq»u daha çox fikirləşdi. Yassin Benzianı dayaq yarımmüdafiəçisi mövqeyinə çəkdi, Nəriman Axundzadəni hücumun mərkəzində oynatdı, Aleksey Kaşuku start «11-liy»inə daxil etmədi.
«Qarabağ» Masazırda gücünü qorudu. Oyunu müxtəlif bölümlərə ayırdı.
90 dəqiqəni 3-4 hissəyə böldü. Son 20 dəqiqədə öz futbolunu oynadı,
«Sabah»ı qapıya sıxdı, təhlükəli epizodları sapa düzdü. Dirək və Yusif İmanov hesabın qonaqların xeyrinə dəyişməsini əngəllədi.
Nəriman gəncdir, cibində Azərbaycan pasportu daşıyır. Vətəndaşlığı olmasaydı, Qurbanovu onu ömründə komandasında saxlamazdı.
Ömründə deyirəm e, ömründə! İddiamı irəli sürürəm, altından da qırmızı xətt çəkirəm. Böyründə də yekə bir nida qoyuram.
Nəriman istənilən məşqçini infarkt edər. Eşidirik də, bütün günü deyinir ki, niyə əsas heyətdə, özü də daim oynamır.
Buyursun, Qurbanov o şansı verdi, nə etdi bəs?
Burnundan vurub geri çevirdiyi qol epizodlarına Qurbanov necə səbr göstərdi, mat-məəttələm. Daş deyil, dəmir deyil, bir insandır yekunda o.
Nərimanı qoy qol yollarında itib-batsın, yaxşılığa yamanlıq etsin, əlindən və ayağından başqa iş gəlmir onsuz.
MUSA

