“Sabah” – TNS (Uels) – 2:0
“Zirə” – “Torpedo” (Gürcüstan) – 3:0
“Qarabağ” – “Vestri” (İslandiya) – 3:0
Əla! Möhtəşəm! İnanılmaz! Fantastika!
Bir neçə il əvvəl rəsmi qaynaqlarda bu adları və bu hesabları yazan olsaydı, həmin müəllifi axmaq adlandırıb, lağ edərdilər.
Azərbaycanın 3 təmsilçisi, startda 3 qələbə və hamısı da quru hesabla? Və 3 komandanın 2-də yerli mütəxəssis. Dəlisən, nəsən?
Adam yatsa da yuxusuna girməzdi ki, nə vaxtsa ilk mərhələyə quru hesablı qələbələrlə başlayıb hər 3 komandamızın növbəti mərhələyə yüksəlməsi bu qədər əlçatan olacaq.
Uels, Gürcüstan, İslandiya – istər futbolun inkişafı, istər futbolçu potensialı, istərsə də milli komandalar səviyyəsində Azərbaycan futbolunu qat-qat üstələyirlər.
Klublara ayrılan maliyyənin düzgün istiqamətdə xərclənməsi, seleksiya işlərinin düzgün qurulması və ən-ən vacibi, lehgioner limitinin aradan qaldırılması ilə klub futbolunda inkişafa nail olmaqdayır.
Adı dünya futbol sıralamasının “quyruğunda” yer alan ölkənin 3 klubu ilk mərhələnin ilk oyunlarında top buraxmadan qalib gəlirsə, bu, Azərbaycan futbolu üçün bayram deməkdir.
Pusqurda duran, daha doğrusu, mübarizəyə 2-ci mərhələdən start verəcək “Neftçi”nin mövcud vəziyyətdən ilhamlanmaması mümkün deyil. Onlar da uğur qazananların sırasına qoşulub “4-də 4” etməyin planlarını cızır.
“Sabah”la “Qarabağ”ın qrup şansları son dərəcə yüksək qiymətləndirilir. “Neftçi”nin avazı yaxşı gəlsə də, “Zirə”nin büdcəsinin hara qədər irəliləməyə imkan verəcəyi sual altındadır.
Ümumi mənzərə masanın üzərinə sərilib. Bu yay 4 komandamızdan azı 2-si avrokubokların qrup mərhələsinə vəsiqə qazanacaq. Bəlkə də 3-ü. Möcüzəyə inananlar 4-cünün xəyalını qurmaqda azaddır.
Azərbaycan klublarının avrokubok tarixində ilkə şahidlik etdik. Mübarizəyə başlayan 3 komandanın hər biri qapısından top buraxmadan qələbə qazanmağı bacardı. Cavab görüşlərində eyni halın təkrarlanacağı kifayət qədər inandırıcı görünür.
Hər biri 2-ci mərhələyə adlayır, “Neftçi” də onlara qoşulur və 2-ci mırhələnin yekununda bütün təmsilçilərimizin 3-cü mərhələyə yüksəlməsini bayram edirik.
Bu, növbəti tarix olacaq.
HƏBİB / SPORTİNFO.AZ

