“ŞƏFA”nın tək BƏLAsı

17:00 Problem 268
“ŞƏFA”nın tək BƏLAsı

21 ildən sonra «Şəfa»nın həyatında yeni dönəm başlayıb.

Premyer Liqaya I Liqanın çempionu kimi qayıdan klubda bir də Əfran İsmayılov fırtınası əsir.

Üç il məşqçisi olduğu «Araz-Naxçıvan»ı «Şəfa»nın vitse-prezidenti postuna dəyişən sabiq futbolçu indi burada mütləq hökm sahibidir.

«Şəfa» hazırda kənardan çox sakit görünür. Düşərgədə baş verənlərlə yaxından tanış olmasaq, adama elə gələr ki, burada hər şey çox gözəldir, atmosfer əladır, hamı öz işiylə məşğuldur.

Əslində isə… Hər şey kənardan göründüyü kimi deyil. Sular hələlik lal axır. Sadəcə, hələlik…

Gerçəkdə vəziyyət gərgindir. Vəziyyəti belə gərgin tutan şəxs isə İsmayılovdur. Bir aydır vitse-prezident postuna əyləşmiş bu şəxsin əlindən indi klubda əksəriyyət dad döyür.

Adam bura özüylə «Araz-Naxçıvan»ın ab-havasını gətirib. Özünü Zaur Axundov kimi aparmağa çalışır. Ancaq birtərəfli. Axundovun nə kimi müsbət xüsusiyyətləri var, heç birini mənimsəməyib.

Əvəzində isə onda gördüyü neqativ yanaşma tərzini «oğurlayıb» və «Şəfa»da daha artığını edir. Bir aydır buradadır, nə bir məşqçi, nə bir futbolçu onunla üzbəüz əyləşib söhbətləşmək istəyir.

Adicə inzibatçılar belə, İsmayılovla kontakta girməkdən yayınır. Biz hələ ofisdə çalışanları, gündəlik iş təmasında olanları demirik.

Sponsorla şəxsi dostluq münasibətlərinə arxalanan vitse-prezident kobud rəftarı, təhqiramiz ifadələri və əməkdaşlara yuxarıdan-aşağı baxmasıyla çevrəni zinhara gətirib.

Danışdığı şəxsləri acılayan, bəzən üstlərinə qışqıran İsmayılovun «əşşi, mən beləyəm» deməsini eşitməyən, bilməyən yoxdur artıq.

Futbol idarəçiliyi təcrübəsi olmayan bu zat zənn edir ki, çatan-çatanın üstünə səsini qaldırmaq, ona-buna çığırmaq ən düzgün yoldur.

İllərlə Qurban Qurbanovla birlikdə ol, onun rəhbərliyin altında oyna, fəqət, ondan heç nə öyrənmə, görüb-götürmə…

Dərd budur, bəla budur!

Əfran İsmayılov indiyədək dünyanın bir çox yerində, ölkəsində olub, gəzib-dolaşıb.

Təbiət haqda bilikləri və bildikləri isə təəssüf ki, çox məhduddur. Yoxsa məlumu olardı ki, dəvədən böyük fil var və davranış tərzini ona uyğunlaşdırardı.

O, klubda hər işə qarışır. Vəzifəcə ondan aşağıdakılara hörmətlə yanaşmır. Yalnız əmr və göstəriş verir. Və bunu çox kobud şəkildə edir.

İsmayılov 1 aydır «Şəfa»dadır, eşitdiyimizə görə, neçə-neçə şəxs artıq klubla vidalaşmaq istəyir. Kimi dindirirsən, kimdən soruşursan, vitse-prezidentdən, onun pis rəftarından, yanaşmasından şikayətlənir, «boğaza yığılmışıq» deyir.

Nə tez, ay İsmayılov? Hələ 1 ay yenicə tamamdır, bir az keçəndən sonra daha nələr etməzsən?

Doğrudan da, düz deyiblər, Allah nə yaxşı ki dəvəyə qanad verməyib, yoxsa yeri-göyü dağıdardı.

Oradan-buradan gələn məlumatlar düşünməyə əsas verir ki, «Şəfa»nın çox yaxşı himayədarı və prezidenti var. Kənan Sadıqlını bir mədəni insan olaraq tərifləyənlər kifayət qədərdir.

Deyilənə görə, abırlı və təmiz insandır, rəftarı səliqəlidir. Elə Zaur Həşimovu da biz bu cür tanıyırıq - əxlaqlı və savadlı kadrdır.

Əfran İsmayılov belə fərdlərin əhatəsində özünü niyə belə aparır, nə üçün onlara oxşamaq istəmir - çox müəmmalıdır.

Aldığımız informasiyaları analiz etsək, bu pooqnozu vermək zərurəti yaranar - «Şəfa»da tezliklə bir «partlayış» olacaq. Kütləvi istefa və ayrılıq xəbərləri alacağıq.

Vəzifəsi olub da əməli işi olmayan, daşı daş üstünə qoya, hansısa problemi həll edə bilməyən, başqalarının üstünə qışıqırıb-bağırmaqla, onları aşağılamaqla bunu «kompensasiya» etməyə çalışan vitse-prezidentin üzündən…

Gül kimi sponsorun olsun, futbola böyük məqsədlərlə gələsən, iddialı klub qurmaq planı hazırlayasan - çox gözəl!

Bir də bütün bu işləri özünü apara bilməyən, danışığını bilməyən şəxsə tapşırasan - çox pis!

Qaş düzəldən yerdə vurub göz çıxarmaq buna deyirlər.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti