COP29

“Qarabağ”da hər kəsin haqqında danışdığı adamın ACI KEÇMİŞİ - İLK DƏFƏ...

6 Dekabr 2023 21:20 Qarabağ 3 284
“Qarabağ”da hər kəsin haqqında danışdığı adamın ACI KEÇMİŞİ - İLK DƏFƏ...

İndi Azərbaycan futbolunda hamı ondan danışır.

Braziliyalı Kadi Borgesin gedişindən sonra “Qarabağ”da yaranmış boşluğu dolduran həmyerlisi Olavio Vieyra dos Santos Junior və ya qısa adı Olavio Juninyo olan hücumçudan.

Kadi ilə Juninyonun mövqeləri fərqlidir. Birinci yarımmüdafiə xəttində çıxış edirdisə, “qol maşını” hücumun sivri ucunda oynayır. Bu ikilini birləşdirən cəhət çətin anlarda səhnəyə çıxmaları, bununla da azarkeşlər üçün sevimli simaya çevrilməlidir.

Borges Azərbaycana gələnə qədər Braziliya ilə Portuqaliyanın aşağı liqalarında top qovmuşdu. Bura gələndən sonra parladı və ilyarım ərzində sərgilədiyi futbolla 5 milyon avroluq dəyər qazanaraq “Krasnodar”a transfer olundu.

Bəs, Juninyo kim idi? Nələrlə yadda qalmışdı? Hansı liqalarda və klublarda oynamışdı?

27 yaşlı forvard peşəkar karyerasına 2015-ci ildə, yəni 19 yaşında başlayıb.

Həmin ilin birinci yarısında Braziliyada region liqası hesab olunan Paranaense 1-də mübarizə aparan “Atletiko Paranaense”nin heyətində 4 oyunda cəmi 42 dəqiqə meydanda olub və heç nə ilə yadda qalmayıb. Bundan sonra 2020-ci ilə qədər icarə əsasında müxtəlif komandaların şərəfini qoruyub.

İlin ikinci yarısını Braziliyanın 3-cü liqası hesab olunan Seria C-də yarışan “Quaratinqueta”da keçirib. 7 matçda 464 dəqiqə oynayıb və 2 qola imzasını yazdırıb.

Çox keçmədən portuqaliyalı agentlərin sayəsində bu ölkəyə yollanıb və “Portimonense”də oynayıb. Lakin 20 yaşında yaşadığı legioner həyatı istədiyi kimi olmayıb. 1 oyunda 18 dəqiqə forma geyindikdən sonra vətəninə qayıdıb.

2016-cı ildə müqavilə ilə məxsus olduğu kluba qayıdıb və Seria A-da çıxış edən “Atletiko Paranaense”də 7 oyunda 199 dəqiqə forma geyindikdən sonra burada kölgədə qalacağını dərk edərək növbəti mövsüm Seria B iştirakçısı “Brasil de Pelotas”a göndərilib. Burada 1 il ərzində müxtəlif liqalarda şans qazandığı 28 görüşdə 2 qolla yadda qalıb.

2018-2019-cu illər aralığında ölkəsində “Novorizontino”, “Fiqueyrense”, “Atletiko Paranaense” və “Via Nova”da futbolçu kimi özünü tapmağa çalışsa da, istəyi baş tutmayıb.

Beləcə, 2019-cu ildə yenidən Portuqaliyaya yollanaraq aşağı liqa təmsilçisi “Eştoril”lə 1 illik icarə müqavilə bağlayıb. Mövsüm ərzində meydana çıxdığı 24 oyunda 6 qol vurandan sonra “Şaveş”lə müqavilə bağlayıb.

2020-2022-ci illər aralığında Portuqaliya Sequndasında 49 qarşılaşmada 9 dəfə fərqlənib. Ötən mövsüm “Şaveş” Premyer Liqada iştirak edib ki, Juninyo 30 qarşılaşmada rəqib qapılarına 4 qol vurub.

Qısa müddətdə “Qarabağ” azarkeşlərinin sevimli futbolçusuna çevrilən hücumçu Azərbayacan gələnə qədər daxili çempionatlarda 193 matçda ümumilikdə 30 qolla diqqət çəkmişdi. Kubok duellərində isə 14 oyunda fərqlənməyə nail olmamışdı.

“Qarabağ”a gələndən sonra hücumçu keyfiyyətlərini ortaya qoyan braziliyalı yaydan bu yana avrokuboklarda 10 görüşdə 3 dəfə fərqlənibsə, Premyer Liqada 15 matçda 11 qolla bombardirlər siyahısında liderdir.

8 ildə aktivinə 30 qol yazan Juninyonun “Qarabağ”ın formasında 6 ayda 14 qol vurmasının hansı məna kəsb etdiyini anlamaq çətin deyil.

Adam 27 yaşında doğru ünvana gəlib. Görək bu ünvanda nə qədər qalacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"