COP29

“Sportinfo”nun əməkdaşı Bakıdan Moldeyə kimi... "Qarabağ"da fırtına öncəsi səssizlik?

29 Noyabr 2023 19:40 Qarabağ 1 164
“Sportinfo”nun əməkdaşı Bakıdan Moldeyə kimi... "Qarabağ"da fırtına öncəsi səssizlik?

29 noyabr, səhər saatları...

Hava Limanına ən erkən çatan mənəm.

Az keçmir "Qarabağ"ın bəzi rəsmiləri də aeroportda görünməyə başlayır.

Bir qədər sonra Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov gözə dəyir.

Təxminən saat 10:30 radələrində ölkəmizin Avropadakı yeganə təmsilçisi olan "Qarabağ"ın futbolçularını gətirən avtobus Heydər Əliyev adına Hava Limanının ərazisində görünür.

Az sonra havaya qalxacaq hava gəmisi Norveçə istiqamət alacaq.

Çünki "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin növbəti matçı məhz bu ölkənin təmsilçisi "Molde"yə qarşı olacaq.

Hər zaman idman mediasına dəstəyi ilə diqqəti çəkən "E Topaz"ın xətti ilə səfərə yollanan media komandasında məndən başqa 15 nəfər həmkarımız da yer almışdı.

Hər hansı gecikmə olmadan pasport yoxlanış başa çatır. Cəzalı duruma düşməsi səbəbindən oyunu buraxacaq Julio Romao da düşərgədə olması diqqətdən qaçmır.

Əvəzində ehtiyat qapıçı Amil Ramazanov Norveç səfərində yer almır. Futbolçu milli komandadan zədəli qayıtdığı üçün haqqında belə qərar verilib.

Yerimizi rahatlayıb, pilotun hazır olmasını gözləyirik.

Hazırlıq bitir və 11:45-də təyyarə havaya qalxır.

Qarşıda 6 saatlıq uçuş bizi gözləyir.

Deməli, zaman keçirmək üçün söhbətlər, xüsusilə də sabahkı oyunun müzakirəsi qaçılmazdır.

Amma...

1 saat sonra nahar edirik. Qısa müddət keçir, salonda Qurban Qurbanov görünür. Jurnalistlərlə səmimi görüşür, futbolçulara bir-bir baş çəkir.

Futbolçular demişkən, əksəriyyət sanki "yat" əmri almışdı. Görünür, uzun yolçuluq onları buna vadar edirdi. Həm dincəlsinlər, həm də zaman sürətlə keçsin.

Aralarında Olevio Juninyo, Patrik Andrade, Neriman Axundzadə, Julio Romao kimi vaxtını filmə baxmaqla keçirənlər də yox deyildi.

Lakin futbolçuların belə bir-biri ilə danışığından, hər hansı müzakirəsindən söhbət gedə bilməzdi.

Yatmağa hazırlaşan kapitan Maksim Medvedevlə hal-əhval tutub, sabahkı oyunda uğur arzulayaraq təyyarənin futbolçular çoxluq təşkil edən hissəsindən kənara çəkilirəm.

Adətən jurnalistlər bir araya düşəndə oyunlar ətrafında polemika qaçılmaz olur. Bəzən saatlarla. Bu dəfə zaman və məkan uyğun olsa da nədənsə heç kimin yadına "Molde" ilə matç düşmür.

Qısa müddət şəhər adları, klub adları tapmaq oyunu salona müəyyən canlanma gətirir. Vəssalam!

Qısası, çox çəkmir biz də düşürük futbolçuların yaratdığı sakit axına.

Bu minvalla çatırıq mənzil başına. Bakı vaxtı ilə 17:45-də təyyarə Molde aeroportuna eniş edir.

Sabah "Aker arena"da görüşmək ümidilə yollanırıq qalacağımız otelə.

Amma meydanda təyyarədən fərqli olaraq, hər zamankı kimi səs-küylü, mübariz, döyüşkən "Qarabağ" görmək ümidi ilə.

XANOĞLAN, Bakı-Molde

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"