“Qarabağ”dan ayrılan futbolçular niyə sonradan peşman olurlar?

4 Dekabr 2022 12:40 Qarabağ 2 942
“Qarabağ”dan ayrılan futbolçular niyə sonradan peşman olurlar?

Yadımdadır, Andrade “Qarabağ”dan ayrılanda iddia olunurdu ki, onun yerini doldurmaq çətin olacaq.

Andradesiz “Qarabağ” Avropaya səs saldı. “Qarabağ”sız Andradedən isə səs çıxmadı.

Yox, lənət şeytana, çıxıb. “Qarabağ”dan ayrılıb “Partizan”a keçən Patrik Andrade Serbiya klubundakı durumundan narazıdır. O, mətbuata verdiyi açıqlamada “Qarabağ”dan ayrıldığı üçün peşman olduğunu bildirib.

Nə birinci futbolçudur ki, “Qarabağ”dan ayrıldığı üçün peşman olur, nə də sonuncu olacaq.

Ona qədər Vild-Donald Geryenin də barmağı “bala” batmamışdı “Qarabağ”dan getməklə. Riçard Almeyda da “Qarabağ”dan ayrılmışdı vaxtilə. Təbi ki, daha yüksək pul müqabilində. Amma heç bir komandada özünü “Qarabağ”dakı kimi göstərə bilmədi.

Qayıtdı, qoca yaşında yenə “cavanlıq”a yaşayır. Nədir bunun sirri? Niyə “Qarabağ”dan ayrılan futbolçular başqa komandada uğur qazana bilmirlər?

Əslində izahı da çox sadədir. Legioner transferi ilə bağlı Qurban Qurbanovun daim təkrarladığı bir fikri xatırlayaq: Həmişə sistemimizə uyğun gələn futbolçu axtarırıq.

Bəli, Qurban Qurbanov oyun fəlsəfəsinə, taktiki sisteminə uyğun gələ biləcək futbolçunu müəyyənləşdirir, komandaya gətirir, uyğunlaşdırır.

O futbolçu “Qarabağ”ı tərk edəndən sonra başqa komandada fərqli sistemə uyğunlaşa bilmir. “Qarabağ”ın yaradıcı futbola üstünlük verdiyi bəlli. Yaradıcı futbolçu atletik futbola üstünlük verən komandada özünün rahat hiss edə bilməz. Bəzən futbolçular daha çox pul müqabilində komandanı tərk edirlər, amma gedəcəkləri komandanın oyun sisteminə uyğun gəlib-gəlmədikləri haqda düşünmürlər.

Və həm də, görünür, bəzi baş məşqçilər də aldıqları legionerin oyun sisteminə uyğun gəlib-gəlmədiyini nəzərə almır.

Bəlkə də elə buna görədir ki, ayağından topu götürmək mümkünsüz olan Zubir “Qarabağ”ı tərk etmək niyyətində deyil. Bəlkə də elə buna görədir ki, Kadi Borges “köhlən atlar”la uzunmüddətli müqavilə bağladı.

Qurban Qurbanov hər legioneri almamaqda haqlıdır, əgər oyun fəlsəfəsinə uyğun gəlmirsə. Qurban Qurbanovun sözünə baxmayıb “Qarabağ”ı tərk edən hər futbolçu da haqlı olmur, çoxu peşmanlıq yaşayır. Bu-gün səhər İbrahima Vadjinin də “peşmanam” açıqlamasını oxusanız, təəccüblənməyin (aut.az).

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı