"Layiq olduğu pulu alıblar, bunu özləri də bilirlər, razı qalacaqlar"

22 Sentyabr 2022 14:00 Qarabağ 1 451
"Layiq olduğu pulu alıblar, bunu özləri də bilirlər, razı qalacaqlar"

«Klubumuzun rəhbərliyi həmişə futbolçuların əməyini yüksək qiymətləndirib və bu dəfə də belə olub».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

«Köhlən atlar» bu yay tarixində 9-cu dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazandı.

Mövsümə Çempionlar Liqasında start verən Ağdam klubu sıra ilə «Lex» (Polşa), «Sürix» (İsveçrə) və «Ferentsvaroş»u (Macarıstan) mübarizədən kənarlaşdırdı.

Pley-offda «Viktoriya» ilə qarşılaşan «köhlən atlar» Çexiyadan 1:2 hesablı məğlubiyyətlə dönərək, 5 ildən sonra qitənin ən mötəbər yarışının qrup mərhələsində ikinci dəfə çıxış etmək şansını qaçırdı.

Belədə Azərbaycan çempionu yoluna Avropa Liqasında davam etməli oldu. «Qarabağ» rəhbərliyi bu münasibətlə kollektivi böyük məbləğdə mükafatlandırıb.

Təkcə futbolçuların hər birinə 45 min manat ödəyib. G.Abbaszadə bu məlumatı nə təsdiq, nə də təkzib edib:

«Yalnız onu deyə bilərəm ki, futbolçularımız layiq olduğu məbləği alıblar. Komandamız Avropa Liqasında qrupdan çıxsa, təbii ki, yenə mükafat alacaqlar.

Bunu özləri də bilirlər. Rəqəmi açıqlaya bilmərəm. Əminəm ki, razı qalacaqlar».

Digər Xəbərlər
Xəbər Lenti