Oyun "alver"inə görə məhkəmə hökmləri niyə gecikir?

23 May 13:12 Qalmaqal 194
Oyun "alver"inə görə məhkəmə hökmləri niyə gecikir?

Hazırda Azərbaycanda idman aləmindən olan üç nəfər var ki, koronavirus pandemiyasına görə onlar barəsində çıxarılacaq məhkəmə qərarları yubanır.

Sportinfo.az həmin idmançıları təqdim edir:

1. Cəmşid Məhərrəmov (keçmiş futbolçu) – Millimizdə qısa müddət çıxış etmiş Cəmşid Məhərrəmov vaxtilə MOİK, “Karvan”, “Bakı”, “Kəpəz”, “Rəvan” və “Adanaspor” (Türkiyə) klublarında çıxış edib. 2016-cı il noyabrın 22-də AFFA İntizam Komitəsinin qərarı ilə I divizionda çıxış edən “Rəvan” klubunun yeddi futbolçusu danışılmış oyunlarda şübhəli şəxs qismində araşdırma başa çatanadək futboldan kənarlaşdırılıb. Bunların arasında Cəmşid də olub. Həmin il dekabrın 14-də AFFA İntizam Komitəsi bu şəxslərin sayını ikiyə endirib. Yeni siyahıda isə C.Məhərrəmovun adı olub.

2017-ci il martın 16-da isə I divizionda çıxış edən doqquz futbolçunun danışılmış oyunlarda iştirakı qismən sübut edildiyi üçün 2016/17-ci illər mövsümünün sonunadək onlar futboldan uzaqlaşdırılıb. Bunların arasında yenə Cəmşidin adı olub. Onun komandası “Rəvan” isə danışılmış oyunlarda adı ən çox hallanan iki klubdan biri olduğu üçün çempionatdan kənarlaşdırılıb.

O, tutulanadək BFL-də çıxış edən “Füzuli” komandasının kapitanı olub. Ötən il dekabrın 12-də isə C.Məhərrəmovun həbs edilməsi barədə xəbər yayılıb. 36 yaşlı sabiq yarımmüdafiəçi Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə həbs olunub. Sonradan bu maddə 192.2-yə (idman yarışlarının manipulyasiyası) dəyişdirilib. O, Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında ifadə verib.

Aprelin 1-də Nərimanov Rayon Məhkəməsi Cəmşid Məhərrəmovun ev dustaqlığına buraxılması barədə qərar çıxarıb.

2. Amil Həmzəyev (basketbolçu) – Basketbol millimizin və “Gəncə” klubunun üzvü, vaxtilə Türkiyə, Ukrayna və Moldovada legioner karyerası yaşamış tanınmış idmançımız da futbol üzrə I divizionun oyunlarına pul qoyuluşunda şübhəli bilinir. O, 2019-cu il dekabrın 9-da həbs edilib. İdmançının tutulması mətbuata hadisənin baş verməsindən iki ay sonra bəlli olub. O da Cəmşid Məhərrəmov kimi Kürdəxanıda istintaqa ifadə verib.

Aprelin 1-də Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədov Amil Həmzəyevin ev dustaqlığına buraxılması barədə qərar çıxarıb.

3. Aslan Bayramov (sabiq boksçu) – 2001-ci ildə boks üzrə yeniyetmələr arasında dünya çempionu olmuş Aslan Bayramovun həbsi isə koronavirusla bağlı olub. Aprelin 8-də Daxili İşlər Nazirliyinin mətbuat xidməti karantin vaxtı saxta arayış satarkən iki nəfərin tutulduğunu açıqlayıb. Onlardan biri özünü “Sağlam Həyat Naminə” beynəlxalq elmi-tibbi jurnalın əməkdaşı kimi təqdim edən Aslan Bayramov olub. O, karantin vaxtı pulla saxta icazə arayışı paylayarkən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139.1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işinə başlanılıb. Hazırda o, Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasındadır.

Hər üç şəxs barədə yekun qərar karantin rejiminə görə yubanır. Bu bazar ertəsindən etibarən məhkəmələrin fəaliyyətinin bərpa olunduğunu nəzərə alsaq, onlar barəsində hökmlərin yaxın vaxtlarda veriləcəyi gözlənilir (oxu.az).

Digər Xəbərlər
Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi