Azərbaycanın qadın futbolçulardan ibarət millisi dünya çempionatının seçmə mərhələsində bu gün qarşılaşdığı Macarıstanla görüşün (1:2) ilk hissəsində buraxdığı səhvlər səbəbindən uduzub.
Sportinfo.az xəbər verir ki, bunu yığmanın baş məşqçisi Siyasət Əsgərov oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçı dəyərləndirib:
"Düşünürəm ku, iki fərqli hissə izlədik. Təəssüflər olsun ki, ilk hissədə səhv buraxdıq və rəqib bundan yararlandı.
Ancaq ikinci hissəyə daha yaxşı başladıq. Oyunun gedişində etdiyimiz dəyişiklik yaxşı alındı, hücuma buraxdığımız oyunçu qol vurdu.
Bundan sonra rəqib bizi topsuz çox saxladı. Belə olan halda da istər-istəməz yorğunluq yarandı.
Biz qısa ötürmələrlə cinahlara topu çatdırmağı düşünürdük. İlk hissədə qızlar tez-tez səhvlər buraxdılar.
Bundan sonra isə oyunçularda qorxu, stress yarandı. Sonra isə uzun ötürmələrlə oynamağa başladılar.
Amma bizim onlarla uzun ötürmələrlə oyunda şansımız yox idi".
Azərbaycan millisi hazırlıq çərçivəsində növbəti matçını San-Marinoya qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.

