Premyer Liqanın sonuncu dövrəsinin gedişində Gəncə şəhər stadionun ot örtüyündə yaranmış problem "Kəpəz"i yenidən Qəbələyə köç etməyə vadar etdi.
Oxşar hal birinci dövrənin gedişində də yaşanmışdı.
Artıq son 2 ev matçını qərb təmsilçisi Qəbələ şəhər stadionunda keçirib.
Amma bu vəziyyət şəhər rəhbərliyinin ürəyincə deyil.
Səbəb kimi komandanın oyunlarında yaşanan insidentlərdi.
Belə ki, "Turan"la oyundan sonra futbolçular arasında yaşanan qalmaqal stadionun kənarında da davam etmişdi. Yalnız təhlükəsizliyə nəzarət edən polis əməkdaşlarının sərt xəbərdarlığından sonra mübahisələri sonlandırmaq mümkün olmuşdu.
Son turda isə "Sumqayıt"la qarşılaşmanın sonlarında "Kəpəz"in azarkeşləri ilə "kimyaçılar"ın yarımmüdafiəçisi Vüsal İsgəndərli arasında yaranan gərginlik yadda qalan oldu.
Hətta fanatlar qonaq futbolçuya su butulkaları belə atmaqdan çəkinmədi.
Belə mənzərə Qəbələ şəhər stadionuna yaddır. Çünki "Qəbələ"nin ev oyunları birqayda olaraq insidentsiz keçirilir.
Başverənlərdən rəsmilərin xəbəri var. Sadəcə mövsümün sonuna az qaldığından müdaxiləni yersiz hesab edirlər.
Amm Gəncə təmsilçisinin Qəbələdə ev oyunlarını keçirməsi bu mövsümlə də bitə bilər. Gələcəkdə çətin ki, şəhər rəhbərliyi oxşar durumlarda "Kəpəz"i qəbul etməyə razılıq versin.
XANOĞLAN / SPORTİNFO.AZ

