“Bu gün hamı nəticə istəyir, amma düşünmürlər ki, beynəlxalq tələblərə cavab verən futbolçularımız yoxdur, ya da sayları azdır”.
Azərbaycan millisinin sabiq hücumçusu Vəli Qasımov Sportinfo.az-a açıqlamasına ölkə futbolunun mövcud durumundan söz açıb.
Vaxtilə Azərbaycanın əsas yığmasında Berti Foqtsun köməkçisi vəzifəsində çalışan, sonradan U-19 millisinə rəhbərlik edən və “Neftçi”də baş məşqçi postunu tutan 54 yaşlı mütəxəssis xeyli vaxtdır bölgə klubunda işləyir.
Ötənlərin məşhur futbolçusu Şamaxının uşaq futboluna cavabdehdir.
Maraqlıdır, çiyinlərində Rusiya, İspaniya, Portuqaliya təcrübəsini daşıyan Qasımov üçün övladı yaşında uşaqlarla işləmək çətin deyil ki? Nə vaxtsa yenidən böyük futbola qayıtmaq haqda düşünür?:
“Gələcəyi düşünürüksə, diqqəti uşaq futboluna ayırmalıyıq. Layihə olmalıdır və həmin layihə üzrə addım atılmalıdır. İsveç, Avstriya kimi yığmalarla oyunlarda uğurlu nəticəyə ümid edirik. Bu gün beynəlxalq səviyyədən uzağıq.
Bunun üçünsə uşaq futboluna diqqət ayırmalıyıq, hər kəs əlindən gələni etməlidir. Plan hazırlamalı, uşaqları yetişdirməli, Avropaya çıxarmalı, daha sonra nəticə gözləməliyik.
Bu işdə təcrübə mütləqdir. Özümə gəlincə, dediyim kimi, hazırkı işimdən məmnunam və bilik-bacarığımı bölüşməyə çalışıram”.
Vəli Qasımov 1992-ci ildə 16 qolla “Dinamo” formasında Rusiya Premyer Liqasının bombardiri adını qazanıb.
İspaniya La Liqasında “Betis”lə “Albasete”nin, Portuqaliyanın yüksək dəstəsində “Vitoriya”nın uğurları üçün tər töküb.
HƏBİB

