"Neftçi" ən "ölü" günündə də "Neftçi"dir.
Yetər ki, buna hazır rəqibləri olsun.
Məsələn, "Şəmkir" ən yaxşı vaxtında önündə bu komandanı görüb. Eləcə də "Kəpəz"i, "Xəzər Lənkəran"ı, "Qarabağ"ı.
Bu gün rəqib "Turan" yox, "Səbail" olsaydı və lap ilk görüşdə 1:0 yox, 3:0 da udsaydı hazırkı gərginlik olası deyildi.
Görün, rəqibin "Turan" olması gərginliyi hansı həddə gətirib. Düşünün, iddialı "Turan" olsa mənzərə necə olardı?
Hələ bir qədər qabağa gedən bəzi "Neftçi"lilər bu görüşü elə təqdim edir ki, sanki avrokubokların pley-off mərhələsidir.
Yəni məsələ güclü rəqibdən yox, addan gedir. Bu gün zəif "Turan"nın varlığı belə "Neftçi" üçün təhlükə mənbəyi olub.
Elə futbolumuzun inkişafı üçün də belə rəqabət, intriqa mütləq lazımdır.
Bəs illərdi niyə yoxdur?
Dünənə kimi tək günahkar AFFA-nı bilirdim. Amma bu mövsüm Tovuz və Gəncədə yaşananlar göstərdi ki, yanılmışam. Həm də yerli publika günahkardır.
Çünki bütün qəlbi ilə rayonun, şəhərin təmsil edən klubun inkişafını istəyən tovuzlu, gəncəli kimi, həm də öz manafeyin güdən, özünə, qohumuna vəzifə axtaran, dövlətin ayırdığı pula gözünü dikən veteranları, məmurları və sadə azarkeşləri də var.
Şəxsi maraqlar klubun maraqlarından öndə olmamaldır. Oxşar narazılıq, narahatlıq zaman-zaman digər rayon təmsilçiləri ətrafında da yaşanıb.
Bu, bölgə klublarının inkişafına, böyüməsinə mane olan ciddi problemdir.
Və bu problem həll olunmamış tək AFFA-nın yaxasından yapışmaq ədalətsizlik olar.
XANOĞLAN İMANOV

