“Qarabağ“da Kadidən narahat oldular, mesajlar sel kimi axdı - VİDEO

25 Aprel 2023 10:40 Problem 3 767
“Qarabağ“da Kadidən narahat oldular, mesajlar sel kimi axdı - VİDEO

Dünən xəbər verdiyimiz kimi, “Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borxes Rusiya Premyer Liqasının 24-cü turunun “Spartak”la səfər oyununda (4:3) ciddi zədələnib.

O, ikinci hissənin əvvəlində hava mübarizəsi zamanı “Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə toqquşub.

Braziliyalı başını rəqibin çiyninə vuraraq yerə yıxılıb. Bir neçə saniyə huşunu itirən vingerin dilini udmaması üçün ona ilkin tibbi yardımı Cikiya özü göstərib.

Bundan sonra Borxes özünə gəlsə də, görüşü davam etdirə bilməyib. Onu meydandan elektromobillə aparıblar.

27 yaşlı futbolçu beyin silkələnməsi və kəllə sümüyünün çoxsaylı sınıqlarına məruz qalıb.

“Sambaçı“ya göz yuvasının xarici aşağı divarının qapalı sınığı ilə yerdəyişməsi, sağ üst çənə sinusunun arxa divarının qapalı sınığı, sağ ziqomatik qövsün sınığı, eləcə də sağtərəfli üst çənənin sınığı diaqnozu qoyulub.

Bu hadisə Kadinin “Qarabağ”dakı keçmiş məşqçilərinin və futbolçularını məyus edib. Hadisədən dərhal sonra onun ailə üzvləri ilə əlaqə saxlanılıb, özünə çoxsaylı mesajlar ünvanlanıb.

2021-2023-cü illərdə “Qarabağ”ın formasını geyinmiş və bu ilin yanvarında 5 milyon avro qarşılığında satılmış cənubi amerikalı legionerə tezliklə ayağa qalxması arzulanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu