Azərbaycan Premyer Liqasının 31-ci turunun gərgin qarşılaşmalarından biri Sumqayıtda baş tutdu.
"Qəbələ"nin qonaq edən kimyaçılar" oyunda 2:0 önə keçsə də sonda 2:3 məğlub oldu.
Qarşılaşmanın sonlarına yaxın isə yerli fanatlarla qonaqların braziliyalı legioneri Felipe Santos arasında yaşanan insident yaddaqalan oldu.
Hətta münaqişəyə digər futbolçular da aktiv qoşuldu.
Uzun çəkən gərgin anlar hakimin Santosa sarı vərəqə verməsi və komanda yoldaşlarının onu hadisə yerindən uzaqlaşdırması ilə başa çatdı.
Yaranmış gərgin anların detalları barədə hər iki klubun kapitanı ilə söhbətləşdik:
Asif Məmmədov ("Qəbələ"): "Santosun ailəsi tribunada idi. O da sevincini onlarla bölüşüb. Bundan sonra onun ailəsinə atmacalı söz atıblar. Məncə, kim olsa ailəsini orada tək qoymazdı. Düşünürəm ki, azarkeşlərin bir xanımı tənqid etməsi, təzyiq göstərməsi doğru deyil".
Vüqar Mustafayev ("Sumqayıt"): "Gəlib azarkeşlərimizə qeyri-etik jest edib. Yaxınlaşıb bildirdim ki, niyə bu hərəkətləri edirsən? Ona azarkeşlərə hörmət etməli olduğunu diqqətinə çatdırdım. Aramızda ciddi nəsə yaşanmadı".
XANOĞLAN / SPORTİNFO.AZ

