COP29

Qarabağda müharibə variantını seçir - Rusiya

24 Mart 2023 19:30 Problem 3 678
Qarabağda müharibə variantını seçir - Rusiya

Bir-bir ilə müharibə vəziyyətində olan Qərb və Rusiya Azərbaycan-Ermənistan problemində rollarını bölüşdürüblər, yəni öz imkanlarına uyğun sərhədlər müəyyənləşdiriblər.

Təhlillər göstərir ki, Moskvanın müqavimətinə baxmayaraq, Azərbaycan-Ermənistan danışıqları artıq Rusiyasız davam edəcək, yalnız Qərbin vasitəçiliyi ilə aparılacaq.

Sülh razılaşması, kompromislərin əldə olunması ancaq bu formatda mümkündür. Rusiyanın baş diplomatı Sergey Lavrov isə Bakıda olanda demişdi ki, Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edə bilər, habelə baş nazirin müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupun fəaliyyətini də canlandırmaq mümkündür. Amma bu məsələdə israr etməyəcək.

“Yeni Müsavat” xatırladır ki, Rusiyanın iştirakı ilə sonuncu dəfə üçtərəfli müzakirələr ötən ilin noyabrında Soçidə liderlərin iştirakı ilə baş tutub. Bu görüş kəskin ziddiyyətlərlə yadda qalmışdı və liderlər Putinlə müzakirələrdən gərgin əhval-ruhiyyə ilə ayrılmışdılar. Azərbaycan və Ermənistan liderləri daha sonra Münhendə ABŞ dövlət katibi Entoni Blinkenin təşkilatçılığı ilə bir araya gəldilər və prosesdə yenidən müsbət dinamika yarandı. Verilən bəyanatlara görə, hazırda Brüsseldə növbəti görüşə hazırlıq gedir. Görünən odur ki, Rusiya artıq bu prosesi əngəlləmək iqtidarında deyil, Lavrovun “israr etməyəcəyik” açıqlaması da Moskvanın çarəsizliyini göstərir. Ermənistanın Qarabağ mövzusunu sülh razılaşmasına daxil etmək tələbindən geri çəkilməsi də kompromislər yolu ilə sülh razılaşmasının imzalanmasını mümkün edir. Bu addım atıldıqdan sonra sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması ilə bağlı danışıqlar başlaya bilər. Sözsüz ki, Qərb bu prosesdə də yaxından iştirak edəcək.

Amma Bakı-Xankəndi danışıqları Qərbin iştirakı olmadan, ancaq Rusiyanın vasitəçiliyi ilə aparıla bilər. Hərçənd Xocalıdakı görüşdən sonra separatçıların rəhbərliyi bəyan etdi ki, “müstəqillik” tələbindən geri çəkilməyiblər və bu, müzakirə oluna bilməz. Bir sözlə, Rusiya hələ ki regionda güclüdür və öz imkanlarını nümayiş etdirərək, Qarabağda baş verən prosesi tam inhisara almaqdadır. Hazırkı şəraitdə Qərbin Xankəndidəki separatçı rejimə təzyiq imkanları belə azdır, baxmayaraq ki, ilk təmaslara dərhal müsbət reaksiya verildi. Eləcə də Ermənistan hakimiyyəti də kifayət qədər məhdud resurslara malikdir. Bu məsələ Bakı ilə Moskva arasında müzakirələrin nəticəsinə uyğun olaraq həllini tapa bilər. Lavrov isə Bakıda bəyan etdi ki, Moskva müharibədən sonrakı status-kvonu dəyişməkdə maraqlı deyil. Ona görə Rusiya nə qədər bölgədə güclüdür, Qarabağın erməni əhalisinin Azərbaycanın suverenliyinə qayıtması o qədər problematikdir. Qarabağdakı son gərginlik də bunu sübut etdi... Bəs davam edən bu vəziyyət Azərbaycana nə vəd verir? Rusiya Qarabağda anklav yaratmaq istəyir, yoxsa problemi belə yarımçıq saxlamaq arzusundadır?

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

Natiq Cəfərli

Real Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin sözlərinə görə, Ermənistan rəsmiləri, mediası deyir ki, Xənkəndidəki qondarma rejimin öz müqəddəratını təyinetmə, özünüqoruma, silahlı müqavimət göstərmə, ordu-polis qüvvələri yaratma haqqı var: “Hətta BMT nizamnaməsinə də istinad edirlər - bu yanaşma Rusiyanın Ukrayna ərazilərini işğal etmək üçün söylədiyi bəhanələrlə birə-birdir. Kreml də deyir ki, Donbasın, Krımın, Xersonun, Zaparojyenin əhalisi beynəlxalq hüquqa, BMT yanaşmasına görə öz müqəddəratını təyin edir, silahlı mübarizə aparırdı. Moskva da "xalqın səsini" eşitdi, onlara silah-sursat dəstəyi göstərdi, sonra da öz qoruması altına aldı, ərazisi elan etdi. Yaxşı, bəs dünya, BMT, AB ölkələri, ABŞ, ATƏT, Avropa Şurası nə deyir və son 9 ildə, 2014-cü ildən bəri nə deyirdi?! Haqlı olaraq deyir ki, Rusiya işğalçıdır, Ukrayna ərazisindəki separatçılara silah-sursat vermək cinayətdir. Əslində dünyaya danışmalı olduğumuz hekayə budur - Rusiyanın Ukraynada etdiyi nədirsə, Ermənistanın Rusiya ilə birgə Azərbaycan ərazisində etdiyi odur - yanaşma da, “məntiq” də, davranış da eynidir".

N.Cəfərli hesab edir ki, Lavrovun həyasızcasına, “10 noyabr sazişində sərhəd-keçid məntəqələri məsələsi nəzərdə tutulmayıb” deməsinə fikir vermədən mütləq qurulmalıdır: “Yəni Azərbaycan bəyəm 10 noyabr sazişi ilə idarə olunur?! Daxili qanunlarımız, Konstitusiyamız yoxdur?! Ana Yasamızda sərhədlərin qorunması üçün olan tələblər parlament tərəfindən təsdiq olunmamış 10 noyabr kağızına görə yerinə yetirilməməlidir?! Sazişdə nə yoxdursa, Azərbaycan qanunlarına və konstitusiyasına görə tənzimlənməlidir. Rusiya "sülhməramlıları" öz vəzifə borclarını yerinə yetirməyərək ancaq və ancaq qondarma rejimi qoruyub-bəsləməklə məşğuldur, ona görə də Milli Məclisin gündəliyinə Azərbaycan ərazisindən “rusməramlıların” dərhal çıxarılması ilə bağlı müzakirə salınmalıdır. Kreml yumşaq dil anlayan deyil, mütləq parlament belə bir qanun qəbul etməli, Prezidentin istənilən qanunu imzalamaq üçün konstitusiyaya görə 2 aya yaxın zamanı olduğunu nəzərə alaraq, bu 2 ay ərzində ya Rusiya öz öhdəliklərini yerinə yetirməlidir (bu zaman Prezident veto hüququndan istifadə edə bilər), əgər yerinə yetirməsə, məsələn, Azərbaycan dövlət orqanlarının Xocalıya dönüşünü təmin etməsə, sərhəddə nəzarət-buraxılış məntəqəsi yaradılmasına mane olsa, Xankəndidə yaşayan erməni əsilli azərbaycanlılarla icmalararası təmaslara maneçilik törətsə, dərhal qanun imzalanmalı, “rusməramlıların” ölkədən çıxarılması proseduruna başlanılmalıdır".

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Müdafiə Nazirliyi Ermənistandan hərbi təyinatlı yüklərin və şəxsi heyətin Azərbaycan ərazisinə göndərilməsinə son qoymağı, erməni qoşunların Qarabağdan çıxarılmasını tələb edir, “Azərbaycan ərazisində olan Laçın yolunda nəzarət rejiminin təmin edilməsinin zəruriliyi”ni qeyd edir. “Və ”Qisas" əməliyyatını nümunə göstərməklə antiterror əməliyyatının mesajını verir. Bəllidir ki, nə Rusiya, nə Ermənistan, nə də separatçılar bu tələblərə əməl etməyəcək. Bu baxımdan, Azərbaycan Ordusunun hərəkətə keçəcəyi gözləntisi ön plandadır, bu açıqlama da mümkün addımlardan öncəki xəbərdarlığa daha çox bənzəyir", - deyə ekspert belə düşünür. Təhlilçi hesab edir ki, Xankəndidəki separatçı-terrorçu rejim Bakıya açıq şəkildə meydan oxuyur, təkcə törədilən təxribatla yox, həm də verdikləri bəyanatlarla. Qondarma “dövlət naziri” Qurgen Nersisyan iddia edir: “Azərbaycan tərəfi qurbanlar verdi və geri çəkildi, "artsax" ərazi itkisi verməyib". Separatçı rejim bəyan edir: “artsax” rəhbərliyi orduya istənilən hücuma layiqli cavab vermək və amansızlıqla cəzalandırmaq əmri verib". A.Nərimanlı bildirir ki, mövcud vəziyyətdə bu qədər sərt ritorika təkcə ictimai rəyə hesablanmış kimi görünmür, həm də arxayın olduqları nəsə var: “Və aydındır ki, bu ritorikanın arxasında Rusiya dayanır. Çünki gərginlik "təmasların qurulması" perspektivi fonunda separatçılara da, ruslara da sərf edir. Hərçənd Bakının nəticəsiz gərginliyə getməyəcəyi, cavabının Qarabağdakı mənzərəni tamamilə dəyişdirəcəyi ehtimalı daha çoxdur".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"