Amma yox, yanılmışam… Olmadı ki, Nazim müəllim!

9 Fevral 2023 20:40 Problem 1 130
Amma yox, yanılmışam… Olmadı ki, Nazim müəllim!

Ölkənin ən adlı-sanlı, uğurlu futbolçu karyerasına malik futbolçularından biri, bəlkə də birincisi olan Nazim Süleymanov Rusiya klubunda yeni təyinat alıb.

Sentyabrda “Ximki”nin azərbaycanlı səhmdarlarından birindən klubda çalışmaq təklifi almış təcrübəli mütəxəssis dünənə kimi U-19 komandasını çalışdırırdı.

Bundan sonra sözügedən klubun əvəzedici komandasına cavabdehlik daşıyacaq.

Nazim müəllim xeyli vaxtdır mətbuatdan uzaq gəzir.

Xeyli vaxtdır dediyim təxminən 2-3 ildir. Premyer Liqada sonuncu iş yeri “Sumqayıt”dan ayrılandan sonra kənara çəkilməyi məsləhət bildi ki, o vaxtdan bu yana hansısa açıqlama və ya müsahibəsinə rast gəlməmişəm, açığı.

Şəxsən təklifimi bir neçə dəfə geri çevirib.

Düşünürdüm ki, Rusiyaya gedəndən sonra oranın havası dəyər, kefi yerinə gələr. Hər nə qədər də olmasa, vaxtilə futbolçu kimi parladığı ölkədir. Həm də artıq iş başındadır. İşləyir, qazanır, məşqçilik bacarığını göstərməyə çalışır.

Amma yox, yanılmışam. Süleymanov susmaq modundan çıxmaq fikrində deyil. Son bir neçə gündə müsahibə üçün dəfələrlə müraciət etsəm də, yenə danışmadı. Danışmır da, danışmır. Güclə ağzından söz çıxarda bilmərik ki.

Hər şey bir tərəfə, yeni işi və öhdəlikləri ilə bağlı mövqe bildirmək niyyətində deyil. Adam “Ximki-2”nin başına keçib və əsas komandaya yolu bir az da açılıb.

Nazim müəllimin vaxtilə çiyin-çiyinə top qovduğu, lakin lazım olanda yanında görmədiyi veteranlardan inciməsi anlaşılandır.

Nazim müəllimin ona istədiyi və gözlədiyi dəyəri verməyən AFFA-dan küsməsi nornaldır.

Nazim müəllimin hətta əvəzedici komandanı belə, ona rəva görməyən Azərbaycan klublarının funskionerlərinə arxa çevirməsi də başa düşüləndir. Ancaq jurnalistdən küsmək...

Vallah, buna hansısa məntiqi izah tapmaq çətindir. Hətta mümkün deyil. Adam “Neftçi”də işləyib, “Sumqayıt”ın baş məşqçisi olub, milli komandalarda bacarığını göstərməyə çalışıb və bütün hallarda jurnalistlərin isti münasibətini görüb.

Hətta səhvləri olanda da, çox üstünə getməmişik ki, bu, uşaqlığımızın, gəncliyimizin unudulmaz ismi, Rusiyadakı layiqli təmsilçimiz, insanlığına şübhə olmayan Nazim Süleymanovdur.

İndi AFFA-dan incikliyi varsa, ona biz nə edək? Məgər qapı qonşudan küsəndə alt mərtəbədəki qonşuya salam vermirik?

Olmadı ki, Nazim müəllim.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu