"Heç kim deyə bilməz ki, bu, COVİD-dir, ya yox" - Ölkədə gizli korona?

3 Fevral 2023 03:10 Problem 355
"Heç kim deyə bilməz ki, bu, COVİD-dir, ya yox" - Ölkədə gizli korona?

Azərbaycanda qrip virusu tüğyan edir. Demək olar ki, paytaxt Bakının əhalisinin böyük hissəsi qripə yoluxub.

Rayonlarda da vəziyyət eynidir. Azərbaycanın tibbi ekspertlərinin açıqlamalarına görə, bu virus normal qrip virusudur və sürətlə yayılır. Qızdırma, quru öskürək, ishal və ürəkbulanma simptomları ilə müşayiət olunan yoluxmalar zamanı xəstəlik bəzən 10 gün çəkir.

Belə bir məqamda ölkədə koronavirusa yoluxma rəqəmləri də maraq doğurur. Hazırda bu yoluxmalar ikirəqəmli göstəricilərlə ifadə olunur.

Lakin ölüm statistikası qorxuducudur. Bu qədər az yoluxmalara rəğmən, ölümlü nəticələr hər gün üçün 4-7 fakt aralığında dəyişir. Bəs necə olur ki, 1000 rəqəmini keçən yoluxmalarda da ölü sayı 4-10 arasında dəyişirdi, indi isə 40-50 yoluxma faktına qarşı da 4-7 ölüm halı baş verir?

Adının açıqlanmasını istəməyən tibb mütəxəssisi musavat.com-un müxbirinə deyib ki, bunun səbəbi yoluxmaların yüksək olmasındadır: “Ölkədə insanları kütləvi yoluxduran qrip virusları əslində koronavirusdur. Bəzi faktlar üzrə, donuz qripinə yoluxmalara da rast gəlinir. İnsanlar artıq koronavirusla yaşamağa alışıblar və çox adam pul verib, test etdirməyə də lüzum görmür. Yoxlatdırma zamanı da bir çox xəstələrə "korona deyilsən" cavabı verilir. Bakıda və bütünlükdə ölkəmizdə yayılan ştamm əvvəlkilərə nisbətən mülayimdir, amma yenə də koronavirusdur və heç bir müalicə, müqavimət tədbirləri görməyəndə öldürür. Əksər klinikalara tapşırıq verilib ki, testlərin cavabları COVİD çıxsa da, bunu elan etməsinlər. Çünki ölkə iqtisadiyyatı daha bir panikanı və qapanmanı qaldıra bilməz. Əslində bütün dünya bu cür davranır. COVİD yoluxmaları bir çox hallarda qripdən də mülayim keçir və insanlar tez bərpa olunurlar...’’

Bəs bu nə dərəcədə düzgündür? İnsanlar xəbərləri olmadan, az qala yeni koronavirus epidemiyası dalğası yaşayırlar, ölüm faktları var, lakin onlara deyirlər ki, adi qripsən. Habelə koronavirusun yeni yayılan ştamı bu qədər mülayimdirsə, niyə ölü sayı yoluxma faizinə nisbətdə bu qədər çoxdur?

AYDIN ƏLİYEV RADİOLOQ | Azərbaycan Tibb Ensiklopediyası

Aydın Əliyev

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bütün problemlər dəqiq müayinələrin aparılmaması ilə bağlıdır: “Tibb elmdir və dəqiqliyi sevir. Bizdə nə zaman koronovirusdan ölənlərin meyitini yarıb, bütün orqanlardan analiz götürüldü, yoxlandı, təsdiq olundu ki, filan xəstəlikdir. Ümumi sözlər deyil, hər şey elmə dayanmalıdır. Biz iddia edə bilmərik ki, bu COVİD-dir, yaxud insan kəskin respirator virusdan dünyasını dəyişib, ya yox. Yenə də məsələ aidiyyəti qurumların üzərinə gəlir. Ölkənin səhiyyəsinə cavabdeh olan qurumlar Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bunu təşkil etmirlər. Biz dəfələrlə bu məsələni qaldırmışıq ki, istisnasız olaraq bütün dünyasını dəyişən şəxslər patoloji anatomik müayinədən keçməlidir. Bu, həm elmin inkişafına xidmət edir, misal üçün, burada həkim səhvindən kimsə dünyasını dəyişibsə, artıq bu sübut olunur. Gələn dəfə o xəstəliyin müalicəsində başqa bir xəstədə bu nəzərə alınır və növbəti insanın ölümünün qarşısı alınır. Bu bütün inkişaf etmiş ölkələrdə var. Təəssüflər olsun ki, TV-lər lazımsız verilişlərlə doludur. Elmi surətdə əsaslandırmaq olar ki, dünyasını dəyişənlərin patoloji anatomik müayinəsi vacibdir. İnsanlar maarifləndirilsə, əslində bu insanların özünə faydalı olar”.

Həkim əlavə edib ki, hazırda ölkəmizdə kəskin respirator xəstəliklər çox geniş yayılıb: “Amma müvafiq qurumlar nə vaxt 50-100 adamdan analiz nümunələri götürdü, laboratoriyada yoxladı?! Açıqlama verdilərmi, hazırda yayılan hansı viruslardır. Açıqlama verdilərmi analiz götürülən 15 nəfərdə COVİD, 15-də qrip çıxdı və sairə. Bunu etməyiblər, ona görə də belə kortəbii vəziyyətdə qalmışıq. Ona görə heç kim deyə bilməz ki, bu, COVİD-dir, ya yox. Mən bunu nə təkzib, nə də inkar edə bilərəm. Çünki əlimizdə cavabdeh qurumların rəsmi bir nəticələri yoxdur. Heç o nəticələr nə qədər şəffaf olacaq o da sual altındadır. Amma yayılan xəstəliklər arasında COVİD də var. Sadəcə, ola bilməz ki, indiki COVİD o vaxtkı kimi ağır keçsin. Bu mümkün deyil. Virus mutasiyaya uğradıqca onun öldürücülük, ağır keçirmə qabiliyyəti azalır”.

Bu arada, nevroloq Qalina Çudinskaya keçirilmiş ağır qripin Alsgeymer və Parkinson yarada biləcəyini istisna etməyib. Rusiya mediası nevroloqa istinadən yayıb ki, hər iki xəstəlik demensiyanın formalarıdır, beyində struktur dəyişikliyi gedir, yaddaş və koqnitiv davranış pozulur. Baxmayaraq ki, virusların neyrodegenerativ xəstəliklər riskini artırdığı təxmin edilir, amma birbaşa olaraq Alsgeymerə səbəb olması elmi sübut olunmayıb. Qripi ağır keçirənlər immun sistemi zəif olanlardır. Öz növbəsində elə əvvəldən immuniteti zəif olanlarda neyrodegenerativ xəstəliklər yaranır. Çünki orqanizmdə iltihabi proseslər güclü olur. Ona görə də qripi vaxtında müalicə etmək, ağırlaşmasına imkan verməmək, infeksiyanı ayaq üstə yox, sakit, yataq rejimində keçirmək lazımdır. Qızdırmalı halda ayaq üstündə qalmaq, gəzmək olmaz. İldə 1 dəfə nevroloq müayinəsindən keçin".

İnfeksionist Mərdan Əliyev:

Mərdan Əliyev

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, hazırda ölkəmizdə iki virus yayılıb: “Bunlardan biri koronavirusdur, digəri isə influensa, yəni qrip virusudur. Ümumiyyətlə, kəskin respirator infeksiyaları, yəni yuxarı tənəffüs yollarını tutan xəstəliklər, zökəm əlamətləri ilə müşahidə olunan xəstəlikləri 200-dən çox virus törədir. Bu viruslar da müxtəlif kliniki simptomlara malikdir. Bunların içində ən ağır gedən qripdir. Qrip COVİD -19-dan başqa digər viruslar arasında ən ağır keçirilən xəstəlikdir. Yəni yüngül deyil. Qızdırma ilə müşahidə olunur. Boğaz ağrısı, burun tutulması, burun axması müşahidə edilir. Sümük, əzələ ağrıları ola bilir. Bu, uşaqlarda, yaşı 65-dən çox olan şəxslərdə pnevmoniya ilə ağırlaşa bilir. Digər ağırlaşmalar da olur. Qulaq iltihabı, sinusidlər olur, hətta sinir sisteminə təsir edir. Bunların içində ən ağır olanı pnevmoniyadır, çünki bu, ölümcül bir xəstəlikdir. Ona görə qrip bu cür fəsadlar törətdiyinə görə yüngül xəstəlik deyil. Hazırda insanların yoluxduğu xəstəlik qripdir. Bu qrip də sürətlə yayılır. İnsanlar karantin qaydalarına riayət etmirlər, maska taxmırlar. Belə olan halda da birindən digərinə yoluxur. İnsanlar bilə-bilə ki, qonaq getdiyi evdə xəstə var, yenə də gedirlər. Buna ehtiyac yoxdur, yoluxma hallını artırırlar”.

İnfeksionist ölüm göstəricilərinin sayının artması ilə bağlı suala belə cavab verib: “Ölənlər koronavirusdan dünyasını dəyişirlər. Çünki xəstəxanada yatan şəxslər koronavirusa yoluxanlardır. Əgər analiz nəticəsi koronavirus çıxmırsa, adətən xəstəxanaya götürmürlər. Koronavirus və ağırlaşma varsa, o zaman xəstəxanaya götürülər. Ölüm səbəbi isə xəstələrin həkimə gec müraciət etməsi ilə bağlıdır. Əvvəllər koronavirusun simptomları olan kimi həkimə müraciət edilirdi. Artıq insanlarda qorxu yoxdur, həm də qrip virusu da var deyə hamı bunun qrip olduğunu zənn edir. COVİD-ə yoluxduğunu qəbul etmək istəmirlər. O zaman müraciət edirlər ki, artıq 7-10 gün keçmiş olur. Artıq ikitərəfli pnevmoniya olur, saturasiya düşür. Təbii ki, xəstələri bu vəziyyətdən çıxarmaq çətin məsələdir. Ölüm sayı da buna görə çoxdur. Ona görə də hər dəfə deyirik ki, risk qrupuna aid olanlar vaksin olunmalıdırlar ki, xəstəliyi ağır keçirməsinlər. O ki qaldı koronavirusun gizlədilməsi məsələsinə, bunlar əsası olmayan söhbətlərdir. Həqiqəti əks etdirmir. Bunu hansı həkim deyibsə, o bu işin içində deyil. Bu işin içində olan adam kimi daha dəqiq bilirəm. Bizə yaxınlaşan insanların hamısını müayinə edirik, yaxma götürüb, analizə göndəririk. Onların çoxunda koronavirus çıxmır. Əgər burada koronavirusla bağlı xəstəlik olsa, yeni ştamm olsa da koronavirus testi pozitiv olmalıdır. Amma nəticələr bunu göstərmir. Bu da onu deməyə əsas verir ki, bu koronavirus deyil, qrip virusudur. Qrip virusunu da test edib yoxlamaq olur. Hazırda yayılan qrip epidemiyasıdır. Bu qrip epidemiyası demək olar ki, bir ildən bir olur. Sadəcə olaraq, son iki-üç il ərzində koronavirus pandemiyasına görə qrip müşahidə olunmurdu. Bu da maskadan istifadə, gigiyena qaydalarının hesabına baş vermişdi. Koronavirusla bağlı məsələ artıq bitib, yüngül yoluxmalar var, onlar da immun sistemi zəif olanlarda müşahidə edilir. Ya da ümumiyyətlə yoluxub sağalmayanlardır. Bundan sonra koronavirusun bizim ölkədə epidemiya törətmək şansı yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu