VAR "Zirə"nin əleyhinə hansı səhvə yol verib? - VİDEOLAR

3 Fevral 2023 01:50 Problem 533
VAR "Zirə"nin əleyhinə hansı səhvə yol verib? - VİDEOLAR

Azərbaycan Premyer Liqasında VAR-la (Video Assistant Referee) bağlı problemlər bitmir.

Milli çempionatın hər turundan sonra kifayət qədər narazılıqlar olur.

İstər futbolçular, istərsə də, baş məşqçilər hakimlərin qərarlarına etiraz edir, VAR-a baxaraq səhv edən referiləri tənqid edirlər. Maraqlısı budur ki, tənqid olduqca sanki VAR-da səhvlər artır.

Premyer Liqanın son turunda da durum fərqli olmadı.

İlk problem “Qarabağ” – “Şamaxı” matçında yaşandı. 47-ci dəqiqədə Qara Qarayevin vurduğu qoldan sonra qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov nə az, nə çox düz 5 dəqiqədən çox VAR-ın son qərarını gözlədi.

Maraqlıdır ki, həmin epizodda Abulla Zubirin ilk ötürmə zamanı ofsaydda ola biləcəyi müzakirə edilirdi və təkrara baxdıqda onun qaydalar çərçivəsində oynadığını görmək çətin deyildi.

Növbəti epizod isə “Neftçi” – “Zirə” matçında yaşandı. Qarşılaşmanın 72-ci dəqiqəsində baş hakim Rəşad Əhmədov meydan sahiblərinin hücumu zamanı ofsayd qərarı verdi. Həmin epizod zamanı isə qonaqların futbolçusu Donald Gerye rəqib oyunçuya qarşı kobud oynamışdı. Lakin referi bu epizoda görə VAR-a getdi. Maraqlıdır ki, nə ofsayda, nə də sarı vərəqəyə görə hakimlər monitora yaxınlaşmır. Əhmədovun niyə VAR-da epizoda baxmaq üçün çağırıldığı da aydın deyildi. Baş hakim epizodu izlədikdən sonra həm ofsayd qərarı verdi, həm də Geryeyə kobudluğa görə ikinci sarını göstərərək meydandan qovdu. Bu anlaşılmaz qərar müzakirə mövzusuna çevirildi.

“Qəbələ” və “Sabah” arasında keçirilən matçdan sonra da hakim qərarlarından narazılıqlar var idi. Meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev referi Vüqar Həsənli barədə kifayət qədər ağır danışdı. O, baş hakimin qərarlarından və komandanın müdafiəçisi Ruan Renatoya göstərdiyi qırmızı vərəqədən söz açdı, narazılıq bildirdi.

Maraqlıdır ki, bununla bağlı hər hansı dəyişiklik görünmür. Hakimlər Komitəsinin yeni sədri Barış Şimşək də bir neçə dəfə açıqlama verib və müəyyən qədər bu çatışmazlıqları etiraf edib. Bəli, var mövsümün birinci yarısı üçün yeni idi və hakimlərin səhvlər etməsi, vaxta qənaət edə bilməmələri normal idi. Artıq VAR Azərbaycan çempionatı üçün yeni deyil və problemlərin aradan qalxmamasına səbəbi bəlli deyil...

Hakimlər Komitəsinin sədri Barış Şimşək epizodlarla bağlı danışıb. O, əvvəlcə “Neftçi” – “Zirə” oyununda Donald Geryenin qırmızı vərəqə epizodundan danışıb: “Bu epizodda 3 seçim var. Hakimimiz ən az doğru olan seçimi istifadə ediblər. Əgər bu matçda VAR olmasaydı, ən doğru qərar penalti və sarı vərəqə ola bilərdi. Çünki ofsayd qaydaları dəyişdi. Məsələn, belə bir şey var, əgər “Zirə”nin topu uzaqlaşdıran futbolçusu həmin vaxt topu öz qapısına göndərsəydi, qol sayılacaqdı. Bu məntiqlə getsək, doğru qərar penalti və sarı vərəqə olardı. Çünki ofsayd hələ ki, reallaşmayıb, top “Neftçi”nin futbolçusuna çatmayıb. Amma köməkçi hakim oyundan kənar vəziyyət olduğuna işarə verir ki, bu da yanlış qərar deyil.

“Neftçi” futbolçusu rəqib müdafiəçi ilə yaxındır və təmas edir. Bu qərardan sonra VAR epizoda müdaxilə etməməliydi.

Hakimi epizodu izləməyə çağırmamalı, qərarı təsdiq edib, oyunu başlatmalı idilər. Çünki ofsayd qərarı 100 faiz yanlış deyildi. Amma əsas qərar penalti və sarı vərəqə olmalı idi.

Bu ofsayd məsələsi artıq bir müətəxəssis məsələsinə çevrilib. Epizodu Azərbaycanda mənimlə çalışan Bahattin Duran və Tarık Onqunla bunu müzakirə etdik və onlar da eyni fikirdə idilər.

VAR-sız olan oyunda epizod penalti idi. Əgər hakim 11 metrlik cərimə zərbəsi təyin etsəydi və “Zirə”nin futbolçusuna qırmızı vərəqə göstərsəydi, VAR o qərara da müdaxilə etməyəcəkdi. Qarşılaşmada başqa problemli epizod görmədim”.

B. Şimşək “Qəbələ” – “Sabah” oyununda Ruan Renatonun meydandan qovulmasını da haqlı qərar sayıb: “Orda problemli heç bir şey yoxdur.

Bir şey demək istəyirəm ki, biz Premyer Liqadakı klubların 10-dan 7-nə seminar keçdik. Bu epizodları orda izah etdim.

“Zirə”yə 2 gün öncə getmişdik. Rəşad Sadıqovun bəhs etdiyi epizodu seminarda anlatdım. Əgər hakim VAR izləməyə gedirsə, hər hansı qərar verə bilər”.

Digər Xəbərlər
Xəbər Lenti