Bilindiyi kimi, I Divizionda çıxış edən "Araz-Naxçıvan” barəsində protokol tərtib edilib.
Bölgə təmsilçisinin rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir.
Kluba İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.
Müddəanın tələblərinə əsasən, Naxçıvan təmsilçisi xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.
Protokola Naxçıvan şəhər Məhkəməsində baxılacaq. İddia təsdiqini taparsa, klubu ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə gözləyir.
Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova bağlılığı ilə tanınan "Araz-Naxçıvan” 1967-ci ildə təsis edilsə də, 2013-cü ildə bərpa olunub.
Komanda 2014-cü ildə Azərbaycan Premyer Liqasında mübarizə aparıb və çempionatı yarımçıq tərk edib.
Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev qalmaqallı araşdırma ilə bağlı Sportinfo.az-a açıqlama verib:
"Bu, klubun keçmiş rəhbərliyinin vaxtında olmuş hadisədir. Elə bir ciddi məsələ deyil. Nəqədərsə valyutanın ölkədən qanunsuz şəkildə çıxarılması halı olmayıb.
Söhbət ondadır ki, Uzunobada yerləşən idman təlim-məşq bazasının tikintisi üçün xaricdən bəzi tikinti materialları alınıb. Bunun üçün pul ödənilib.
Güman ki, bu proses zamanı hansısa hüquqi və ya rəsmi sənədlərdə çatışmazlıq olub. Hal-hazırda məsələ bizim rəhbərliyin nəzərindədir.
Anlaşılmazlıq var, o da aradan qaldırılacaq».

