Azərbaycanlı məşqçi Çinə yollanmaqla bağlı problemlə üzləşib.
Bu ilin yayında “Ayntraxt”ın Çindəki Futbol Akademiyasında çalışmaq təklifi alan Etibar İbrahimov hələ də vətəndədir.
Halbuki, avqust-sentyabr aylarında Asiya ölkəsinə yollanmalı, fəaliyyətə başlamalıydı.
Di gəl, sözügedən ölkədə pandemiya ilə baş qaldırmış problemlər və qadağalar Pro kateqoriyalı məşqçinin səfərini qeyri-müəyyən vaxta təxirə salıb.
Odur ki, gəncəli mütəxəssis hələ də doğma şəhərində oturub Çindəki vəziyyətin qaydasına düşəcəyi günü gözləyir.
İbrahimov Sportinfo.az-a açıqlamasında başına gələnlərlə bağlı bunları deyib:
“Hazırda Çində pandemiya ilə bağlı çox ciddi problemlər yaşanmaqdadır. Bu üzdən “Ayntraxt” akademiyası müvəqqəti bağlanıb. Bunun üçün də səfərim qeyri-müəyyən vaxta təxirə salınıb.
Buna baxmayaraq, “Ayntraxt” məni düşünür. Məndən asılı olmayan səbəblərə görə baş vermiş yubanma və çətinlikləri nəzərə alaraq müəyyən təzminat ödənildi.
Ailə başçısı olduğumu, yaydan bu yana bütün planlarımı Çin variantı üzərində qurduğumu düşünərək bu addımı atdılar.
Hələ ki, vəziyyət qeyri-müəyyəndir. Pandemiyanın nə vaxt aradan qalxacağı bilinmir. İnşallah, işlər qaydasında düşəndən sonra Çinə yollanmağım mümkün olacaq”.
Vaxtilə Azərbaycanın U-17 və U-19 millilərində, eləcə də Hindistanın U-17 seçməsində Nikolay Adamın köməkçisi kimi fəaliyyət göstərmiş, “Kəpəz”in baş məşqçisi olmuş Etibar İbrahimova “Ayntraxt”ın Çindəki akademiyasında U-14 və U-18 komandalarını çalışdırmaq təklif olunub.

