Məşhur sima üsyan etdi, nömrəsini qoydu: “Hələ sağam, ölməmişəm”

10 Noyabr 2022 20:40 Problem 1 890
Məşhur sima üsyan etdi, nömrəsini qoydu: “Hələ sağam, ölməmişəm”

Azərbaycanın arenalarının tanınmış idman diktoru Ramiz Qafarov üzləşdiyi münasibətdən məmnun deyil.

1986-cı ildə “Neftçi”nin SSRİ çempionatındakı oyunları zamanı Tofiq Bəhramov adına Respublika stadionunda diktorluq fəaliyyətinə başlayan Qafarov sonradan ictimai-siyasi, mədəniyyət və idman tədbirlərinə diktor və aparıcısı kimi dəvət olunub.

Son illər Azərbaycanda “idmanın səsi” kimi tanınan təcrübəli diktor ayrı-ayrı vaxtlarda prezident tədbirlərinin aparıcısı kimi yadda qalıb.

Lakin son illər ölkədaxili və beynəlxalq yarışlara Qafarov yox, digər şəxslər dəvət olunur. Və mövcud vəziyyət səbəbkarın ürəyincə deyil.

66 yaşlı Ramiz Qafarov Sportinfo.az-a açıqlamasında yada düşməməsi ilə bağlı açıqlama verərək sözün əsl mənasında üsyan edib:

“36 ildir diktorluq fəaliyyəti ilə məşğulam. Müxtəlif vaxtlarda dövlət və prezident tədbirlərinin aparıcısı olmuşam.

Dünya Azərbaycanlılarının Birinci Qurultayı, İlham Əliyevin sədr seçildiyi YAP-ın Təsis Qurultayı, Müslüm Maqomayev, Mstislav Rastrapoviç, Niyazi, Rəşid Behbudov kimi tanınmışların yubileyləri və saysız-hesabsız dövlət tədbirlərinin, eləcə də beynəlxalq idman yarışlarının aparıcılığı mənə həvalə olunub.

Lakin son illər müxtəlif səviyyəli tədbirlərə başqa diktor və aparıcılar dəvət olunur. Əslində həmin şəxslərə diktor və ya aparıcı da demək olmaz.

Çünki diktor-aparıcı üçün bu sənətin müəyyən olunmuş meyarları var. Sənətə uyğun səs, diksiya, savad, mətnləri oxuyub tamaşaçıya düzgün şəkildə çatdırmaq bacarığı olmalıdır.

Son vaxtlar telekanallarda və müxtəlif tədbirlərdə gördüyüm diktor və aparıcılar bu meyarlara uyğun gəlmir.

Narazılığımın səbəbi budur ki, mən – Ramiz Qafarov sağ ola-ola bu cür tədbirlərə hansı əsasla başqa adamlar dəvət olunur?

Başa düşürəm, millətimizin tanışbazlıq, yerlibazlıq, qohumbazlıq kimi xüsusiyyəti var.

Ancaq bu, heç bir halda həmin tədbirlərin rejissor və ya rəhbərlərinə savadı olmayan şəxslərə diktor və ya aparıcılığı həvalə etmək hüququ vermir. Çünki bu tədbirlər onlara deyil, dövlətə və xalqa məxsusdur.

Demək istəyirəm ki, Ramiz Qafarov hələ ölməyib, sağdır, səsi də əvvəlkitək möhtəşəm və güclüdür.

Əvvəl olduğu kimi, yenə də bütün dövlət və beynəlxalq tədbirlərdə iştirak etməyə hazıram. Dəvətlərinizi gözləyirəm. Bilməyənlər üçün telefon nömrəmi də saytınız vasitəsi ilə elan edirəm – 0503721500”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti