Gənclərin və gəncəlilərin yaxından tanımadığı Tərlan Əhmədov

10 Noyabr 2022 21:20 Problem 889
Gənclərin və gəncəlilərin yaxından tanımadığı Tərlan Əhmədov

Avrokuboklarda “Lex”, “Sürix”, “Ferentsvaroş” kimi rəqibləri sıradan çıxaran, “Olimpiakos”la “Nant”ı məğlub edən “Qarabağ”ın “Kəpəz”ə yerini göstərməsi Tərlan Əhmədovun əhvalını korlamışdı.

Əvvəlki matçlardan sonra komandasındakı problemlərdən, şəraitsizlikdən və pulsuzluqdan gileylənən millimizin sabiq kapitanı bu dəfəki mətbuat konfransında Qurban Qurbanovun çalışdırdığı kollektivə dil uzatmaq qərarına gəlmişdi.

Sözü açıq şəkildə rəqib komandaya atmasa da, hakimlərin ünvanına danışmaqla “Qarabağ”ın qələbəni haqq etmədiyini media əhlinin vasitəsi ilə ictimaiyyətə çatdırmaq həvəsinə düşmüşdü.

Adam hələ heç nə etməyib. Baş məşqçi postunu ələ keçirəndən sonra 9 oyunda cəmi 8 xala sevinib. Amma görün necə gur danışır, hakimlərin ünvanına ittihamlar səsləndirir.

Günahı özündə və səviyyə baxımından “Qarabağ”lılardan geri qalan futbolçularında yox, referilərdə görür. 8 yox, 18 xal toplasaydı, bəlkə də Rəvan Həmzəzadənin dərisini soyardı.

Baş məşqçi Rauf Əliyevlə bağlı ünvanlanan sual zamanı “Kəpəz-2”in oyunlarını izlədiyini, Əliyevin vurduğu qolların əksərinə penaltidən sonra imza atdığını bildirdi. “Qızıl vaxtımı ona itirmək istəmirəm” deyə-deyə oğlu yaşında futbolçuya mətbuat vasitəsi ilə növbəti dəfə söz atdı, nəticədə yalan danışmış oldu. Çünki Rauf son 6 oyunda vurduğu 5 qolun cəmi 1-nə 11 metrlik cərimə zərbəsindən imzasını yazdırıb. Deməli, oyunlara baxmır, orda-burda danışılanlardan istifadə edir.

Hə, konfransın gedişində özündə rahatlıq tapıb başqa mövzuya da toxundu. Dedi, indiyə qədər haqqımda o qədər xoşagəlməz söhbətlər dolaşıb ki, onları danışsam, gərək Azərbaycan futbolu dayansın. Bir anlıq çaşıb qaldım. Gözlərimi sildim ki, kameralar önündə Tərlan Əhmədovun əyləşdiyinə əmin olum. Özü idi. Necə yenə haqqımda deyilənlər? Məgər ötən günlərin “xoş xatirələri” hələ də çiyinlərində deyil?

Adam futbol oynadığı gündən adı pis əməllərdə hallanıb. Gənclər və gəncəlilər eşitməsə də, biz bilirik axı.

“Olimpik”də futbol oynadığı dönəmdən başlayaraq AZAL-da məşqçilik etdiyi zamanda qədər futbolçulardan hakimləri və jurnalistləri “yola salmaq” adı ilə pul yığması, “Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazananda Böyükağa Hacıyevin xəstəliyindən istifadə edib uğuru öz adına yazması, “Neftçi”nin baş məşqçisi olduğu son dönəmdə “Keşlə” ilə görüşdə rəqib futbolçularla danışıqlarda birbaşa özünün iştirak etməsi və çox keçmədən “Neftçi”dən qovularaq həmin “Keşlə”nin başına keçməsi, “Neftçi”nin Antalyadakı təlim-məşq toplanışı zamanı oteldə özü ilə Bakıdan apardığı xanımı saxlaması...

Nə yalan deyim, heç birinin fakt şahidi deyiləm. Amma sadaladıqlarımın hər biri Tərlan Əhmədovun adı çəkilən futbol qoxusu gələn yerlərdə yada düşür. Olmasaydı, danışmazdılar ki. Qurban Qurbanov, ya da Ayxan Abbasov haqqında niyə danışmırlar? Adamın məşqçilik bacarığına söz yoxdur. Di gəl, CV-si kafidir.

Azərbaycan futbolunun dayanması ilə nəticələnə biləcək açıqlaması nədir, yəqin ki, günlərin birində danışar. Bir şey dəqiqdir, Tərlan Əhmədov hansısa mənada haqsızlığa uğrasa, kimsə haqqında doğru olmayanı danışsa, üstünə şər atsa, bu adam dinc dayanmaz. Sonuna qədər gedər, təmiz olduğunu isbata yetirməyə çalışar.

Getmirsə, susursa, 3-5 jurnalistin qarşısında özünü süddən çıxan ağ qaşıq kimi göstərirsə, deməli, bildiyi və etdiyi nəsə var.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti