Doqquz illik fasilədən sonra Premyer Liqanın sakinləri sırasına qoşulan «Turan Tovuz» yüksək hədəflər uğrunda mübarizə aparmır.
Bu komandadan hər oyunda qələbə və heç-heçə gözləmək olmaz.
Şərait zəif, heyət qısırlıdır. Bəzən bir futbolçunun yoxluğu bütün komandanın əhvalını, nizamını pozur.
«Turan» elə həftə olmur ki, sabit «onbirlik»lə meydana çıxsın. Hər hesabat turunda azı 2-3 nəfər zədə və ya xəstəlik səbəbindən kənara alınmalı olur.
Ayxan Abbasov və futbolçularını tənqid edən qrup, yaxşı olar ki, bir dəfə də sözünü yerli dairələrə və AFFA-ya çatdırsın.
Təbii, əgər cəsarətləri, hünərləri varsa.
Bu nə meydançadır salıblar, ilahi!
Elə bil, beton üstünə çıxırsan, ayağın bir balaca səndirləsən, «qanın getdi». AFFA Premyer Liqaya qaytardığı kluba bu cür münasibət göstərirsə, day başqalarından nə gözləyəsən!
Bir qarını ac, bir qarını tox gün keçirən «Turan» yüksək dəstədə yerini qorusa, tovuzlu azarkeşlər elə zənn etsinlər ki, çempion olublar.
Bu, titul qazanmağa bərabər nəticə sayılmalıdır. Ayxan Abbasovla sınıq-salxaq heyətlə «Qarabağ»a 0:2 hesabıyla uduzursa, bunu da qələbə kimi görsünlər.
Həqiqət budur: qəbul edən etsin, etməyən etməsin.
Korun atını köndələn çapmasıyla deyil ki!
MUSA

