“Qarabağ” önünə 7 itki ilə – Əsas “silah” da sıradan çıxdı

8 Noyabr 2022 21:20 Problem 1 701
“Qarabağ” önünə 7 itki ilə  – Əsas “silah” da sıradan çıxdı

Çempionata inamlı başlayaraq aktivinə 15 xal yazan “Turan Tovuz” deyəsən gözə gəlib.

Premyer Liqanın debütantı son oyunlarda zədəlilərin çoxluğundan əziyyət çəkir.

“Şamaxı” ilə görüşdə bu səbəbdən 5 futbolçunun xidmətindən yararlana bilməyən bölgə təmsilçisi “Qarabağ”ın önünə də itkilərlə çıxacaq.

Sportinfo.az xəbər verir ki, Henri Okebuqvu sarı vərəqə limitini doldurduğu üçün qarşılaşmanı kənardan izləyəcək.

“Qarabağ”la oyunda xəsarət aldığı üçün “Sumqayıt”la “Şamaxı”ya qarşı oynamayan Ehtiram Şahverdiyevlə “Sumqayıt”la görüşdə zədələnən Natan Oduva da ağdamlılara qarşı mübarizə apara bilməyəcək. Hər iki futbolçu fərdi məşqlə kifayətlənir.

Eyni sözlər Cavid Tağıyevə də aiddir. “Sumqayıt”la matçda zədə alan 30 yaşlı yarımmüdafiəçi 3 həftəlik sıradan çıxıb. Dao Ben Azizin durumu isə yaxşıya doğru dəyişməkdədir. Lakin “Qarabağ”a qarşı mübarizə aparacağı inandırıcı deyil.

“Turan Tovuz” üçün ən ciddi itki Xəyal Nəcəfovdur. “10 nömrə” ayağında ağrılar hiss etdiyindən, noyabrın 9-dakı oyunda meydana çıxmaq ehtimalı azdır. Ayxan Abbasovun növbəti görüşləri göz önünə alaraq riskə gedəcəyi inandırıcı görünmür.

Qeyd edək ki, mövsümün əvvəlində aldığı ciddi zədə səbəbindən məşqlərdən uzaq düşən Piruzi Marakvelidze də xeyli vaxtdır komandasına kömək edə bilmir.

Premyer Liqanın 3-cü turunda təxirə salınan “Turan Tovuz” qarşılaşması noyabrın 9-u saat 14:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti