"Qarabağ"la bağlı acı mənzərənin günahkarları kimdir? - REAL FAKTLAR

8 Noyabr 2022 19:40 Problem 4 020
"Qarabağ"la bağlı acı mənzərənin günahkarları kimdir? - REAL FAKTLAR

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində son görüşünü 3 noyabr "Frayburq"a qarşı (1:1) keçirdi.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matça maraq böyük idi.

Əbəs deyil ki, tribunalarda 30430 nəfər cəm olmuşdu. Möhtəşəm dəstək görən komandamız hətta azlıqda qalmasına rəğmən bərabərlik qolunu vurdu və güclü rəqibə qarşı sona qədər layiqli mübarizə aparmağı bacardı.

Təbii ki, bunda həmin dəstəyin də böyük rolu oldu.

Amma cəmi 3 gün sonra eyni adlı məkanda, eyni adlı klubun oyununda tam başqa mənzərə yaşandı.

Belə ki, bu dəfə Premyer Liqa çərçivəsində "Qarabağ" "Kəpəz"i qəbul edirdi. Cəmi 3 gün əvvəl iynə atsan yer düşməyəcək tribunalarda bu dəfə iynə atsan dəyməyə adam axtaracağın ab-hava(sızlıq) vardı.

Ağdamlıları dəstəkləmək üçün mərkəzi arenaya cəmi 500 tərəfdar gəlmişdi. Bu, hələ gözəyarı hesablamadır. Dəqiq hesabat aparılsa, bəlkə də say daha da azalar.

Arada fərqin olması anlaşılandır. Bunun bir neçə real səbəbləri var. Yarışlar arasında, rəqiblər arasında, hədəflər arasında ciddi fərq var.

Ən vacibi isə Avropa arenasında "Qarabağ" bütöv Azərbaycanı təmsil edir. Təbii ki, həmin 30 mindən çox tərəfdarın hamısı konkret olaraq "Qarabağ" azarkeşi deyil. Arasında çox sayda neytiral olan və ya digər klub azarkeşləri də var. Biri rəqibə görə, digəri turnirə görə, əksəriyyəti də "Qarabağ" adının Avropada daha güclü təmsil olunmasına dəstək üçün stadiona gəlir.

Amma bu qədər fərq istənilən halda olmamalıdır. 30 minin hamısı olmasa da, minimum yarısının "Qarabağ" fanatı olması şübhəsizdir. Həmin yarının yarısını da qoyduq bir kənara - biri xəstədi, digərinin işi var və.s, və.i.

Bəs digər yarısı hardadı? Bu komandanın oyununa ən azı 4-5 min nəfər fanat gəlməlidir axı. Hələ bu rəqəm də azdır.

Arxada qalan 10 ildəki avrokubok zəfərləri bunu deməyə əsas verir. Təəssüf ki, gələn yoxdur. Bir çox fanatın vəfasızlığın bildik və komandanı tək qoyduqları üçün bütün tənqidləri haqq edirlər. İlk günahkarlar onlardı.

Ancaq tək günahkar da onlar deyil. Bəs klub arxada qalan illər ərzində bu istiqamətdə hansı addımları atıb? Xatırladığım hansısa layihə yoxdur. Halbuki etmək olardı.

Avrokuboklarda buna gərək yoxdur, qazanılan nəticələr azarkeşlərin bundan sonrakı qarşılaşmalara da gələcəyinə qarantdır.

Görünür, bu, daxili yarışlar üçün yetərli deyil. Yetərli olması üçün isə nəsə etmək lazımdır.

Məsələn, təklifin biri bizdən - mövsüm ərzində ev oyunlarına daim gələn və ya oyunların minimum 80%-in də iştirak edən fanatlar arasından püşklə seçilən 5 xoşbəxt fanatın avrokuboklarda bir səfərə matçına aparılması təşkil olunsun.

Hətta sayı daha da artırmaq olar. 5 yox, 15 nəfər olsun. Təsnifat mərhələləri və qrup oyunlarındakı səfər matçlarının üst-üstə sayı 10-a yaxın edir. Hər səfər minimum 2-3 fanatı rahatlıqla aparmaq olar. Nəzərə alaq ki, "Qarabağ" bütün səfər oyunlarına çarter reysi ilə gedir. Belə olan halda həmin fanatlara görə klub əlavə yol xərci də ödəmiş olmur. Yalnız otel pulu və qida ilə təmin olunmaya müəyyən məbləğ ödəmək lazım gələcək. Bu isə "Qarabağ" kimi klub üçün elə də güclü məbləğ deyil.

Amma kiçik xərcin və bir qədər də əziyyətin nəticəsi olaraq komanda mövsüm ərzində də daha çox publika önündə çıxış edə biləcək. Bu, bizim etdiyimiz, sadəcə bir təklifdir. Klub belə işləri etməyə can atmasa da, mütləq ki, orada bunu daha yaxşı bilənlər də yox deyil.

Düzdü, klub illərdi rəsmi fanklubu maliyyələşdirir. Amma həmin qrupun da gücü yalnız hər oyun 50-60 nəfərlə təmsil olunmağa yetir. Görünür, o istiqamətdə xərclənən maliyyə də yetəri qədər faydalı deyil.

Deməli, daha yaxşı başqa layihələr həyata keçirmək mütləqdir. Təbii ki, daha peşəkar və məsuliyyətli insanlarla. Təki istək olsun, addım atılsın. Ki, iki foto arasındakı acı mənzərə nisbətən aradan qalxsın. Əgər başda Şahruddin Məhəmmədəliyev olmaqla digər insanların məsxərə obyekti olmaq "Qarabağ" rəhbərliyinə xoş deyilsə...

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti