“Kəpəz” “Qarabağ”la oyuna itkilərlə çıxacaq.
Gəncə təmsilçisinin ən təcrübəli futbolçusu Əfran İsmayılov sabiq komandasına qarşı mübarizə apara bilməyəcək. Buna səbəb 34 yaşlı yarımmüdafiəçinin zədəsini tam sağaltmamasıdır.
10 gün öncə “Qəbələ” ilə oyundan əvvəl zədəsini təzələyən İsmayılov xeyli vaxtdır müalicə olunur. Hələ ki, fərdi məşqlərlə kifayətlənən sabiq milli üzvü kollektiv çalışmalara “Qarabağ”la matçdan sonra başlayacaq.
“Kəpəz”in digər futbolçusu Samir Məhərrəmli də bir müddətdir zədədən əziyyət çəkir. İranlı legioner Peyman Keşevarzi zədəsini sağaltsa da, məşq və oyun təcrübəsi baxımından əziyyət çəkdiyinə görə bir müddət gözləməli olacaq.
Yeri gəlmişkən, “Qarabağ”dan icarəyə götürülən Zamiq Əliyev də müqavilə ilə məxsus olduğu komandaya qarşı oynaya bilməyəcək. 21 yaşlı müdafiəçi “Neftçi”ylə matçda aldığı qırmızı vərəqənin cəzasını çəkir.
Noyabrın 6-da Premyer Liqanın 13-cü turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Kəpəz” qarşılaşması saat 19:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

