Bu, nə özbaşınalıqdır belə? - Azərbaycan klubunun faciəsi

5 Noyabr 2022 22:20 Problem 1 666
Bu, nə özbaşınalıqdır belə? - Azərbaycan klubunun faciəsi

Avtobusu olmayan, məşqlərdə 12 topun ümidinə qalan komandanın öz azarkeşləri tərəfindən söyüldüyünü gördüm.

5-10 manat artıq pula görə doğma Tovuzun komandasını yox, “Şamaxı”nı seçən Elvin Məmmədovu alqışlayıb, doğmalarından uzaq düşüb Tovuzda oynamağa razılıq verən futbolçuların təhqir olunduğunu gördüm.

Stadiona giriş bileti üçün cibindəki 2 manata qıymadığı halda, 90 dəqiqə meydanda can qoyan məşqçi və futbolçuları aşağılayan azarkeşləri gördüm.

Cümə günü “Turan Tovuz” – “Şamaxı” matçının gedişində və sonrasında yaşananlar Tovuz futbolu və bəzi azarkeşlərin adına rəzalət idi. Axı, Tovuzda futbolu bilirdilər, sevirdilər, doğma komandaya sahiblənməyi bacarırdılar. Nə dəyişdi?

Yayda sıfırdan yığılan, ordan-burdan gələn futbolçuların hesabına formalaşan, baş məşqçi postuna ölkənin ən bacarıqlı 3-5 məşqçisindən birini gətirən “Turan Tovuz”dan bəlkə də heç kim bu cür başlanğıc gözləmirdi. Rəqibləri üçün “asan yem” statusunu yaxına buraxmayan, əksinə “qorxulu röya” imici yaradan bölgə təmsilçisi 12 oyundan sonra topladığı 15 xalla 10 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Amma azarkeşlər nə edir? “Turan Tovuz”u “Şamaxı”ya uduzduğuna görə, söyür, təhqir edir. Komandanı Tovuza gələn rəqiblərin, rəqib azarkeşlərin və jurnalistlərin gözləri önündə biabırçı duruma salır.

Ayxan Abbasov Tovuza ayaq basan gün kim(lər)əsə ilk mövsümdəcə avrokuboklara vəsiqə söz veribsə, başqa məsələ. Amma baş məşqçinin mətbuat konfranslarında dilinə gətirdiklərindən bəlli olur ki, elə bir söz işlətməyib. Hər dəfə ağzını açanda problemlərin həllinin vacibliyindən, işıqlı gələcəkdən, azarkeşlərlə birliyin önəmindən danışır. Belədirsə, aktivində 15 xal olan və mübarizəni davam etdirən komandanın üzvləri niyə təhqir olunmalıdır?

Komanda qələbə qazananda futbolçuları bağrına basıb, uduzanda ünvanına küçə söyüşü işlədən heç bir azarkeş özünə azarkeş deyə bilməz. Belələri ya kimlərinsə əlləri ilə araqatanlardır, ya futboldan xəbərsizlər, ya da spirtli içkinin təsirindən əməlinə hakim ola bilməyənlər. Çünki dünən aşağı dəstədə çıxış edən, bu gün Premyer Liqada rəqibləri özü ilə hesablaşmağa məcbur edən komandanın azarkeş(lər)i 1-2 məğlubiyyətə görə bu cür davranmamalıdır.

Yeri gəlmişkən, Tovuzun hüquq-mühafizə orqan əməkdaşlarının oyun başa çatandan sonra kimi və nəyi gözləməsi də böyük sual idi. 3-5 azarkeş polislərin gözlərinin önündə komandanı küçə söyüşləri ilə təhqir etdiyi halda, “poqonlular” belə də olmalıymış kimi yaşananlara tamaşa edirdi. Məgər ictimai yerdə söyüş söyməyin cəza və cəriməsi yoxdur?

Parkda oğlanla qızı qol-boyun əyləşdiyinə görə ictimai yerdəki qanun pozuntusunu əsas gətirən polislərin canlı yayım zamanı 1-i 1 qəpikdən olan söyüşlərə biganə qalmasının səbəbini dəqiq bilmirəm. Bildiyim odur ki, Bakıda, Qəbələ, hətta Şamaxıda tribunada təhqirə yol verən şəxsi polis bölməsinə dəvət edirlər.

“Turan Tovuz”u qarşıda “Qarabağ”, “Kəpəz” və “Sabah”la çox-çox çətin oyunlar gözləyir. Tovuzluların sevimli komandalarına necə sahib çıxacaqlarını birlikdə görəcəyik. “Şamaxı” ilə oyundakı mənzərə təkrarlanacaqsa, Ayxan Abbasov və baş məşqçinin təklifini dəyərləndirib bölgədə yaşamağa razılıq verən futbolçuların qış fasiləsində Tovuzu tərk etməsi məsləhətdir. Əks halda...

HƏBİB / TOVUZ

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti