Vətən müharibəsi şəhidi, XTQ giziri Əli Quliyevin iki övladı irsi qan xəstəliyi olan talassemiyadan əziyyət çəkir. Ailə Sumqayıtda ikiotaqlı mənzildə kirayədə yaşayır.
Bu barədə “qafqazinfo”ya şəhidin həyat yoldaşı Röyalə Quliyeva məlumat verib.
Qadın deyir ki, uşaqların müalicə xərcləri xəstəxana tərəfindən qarşılansa da, şəhid ailəsi kimi aldıqları pensiyanın çox hissəsini kirayə xərclərinə vermək məcburiyyətindədirlər.
Onun sözlərinə görə, ailəyə ev veriləcəyi deyilsə də, hələ də mənzil ala bilməyiblər: “Şəhid ailəsi kimi pensiya alırıq. Öz evimiz olsa, aldığımız bu pul da az deyil. Lakin Sumqayıtda kirayədə qalırıq, həmin ödənişin çoxunu kirayəyə, kommunal haqqına verirəm. Bizə deyiblər ev veriləcək, amma nə vaxt olacağını bilmirik”.
Övladlarının müalicəsinə gəlincə isə R. Quliyeva bildirib ki, 11 yaşlı böyük oğlu Mürsəl Quliyevin vəziyyəti daha ağırdır: “Mürsəlin böyrəyində, ağciyərində ciddi problem var. 2 ay idi ki, xəstəxanada yatırdı. Kiçik oğlum 9 yaşlı Məhəmməd də talassemiya xəstəsidir. Uşaqlara hər ay, 20 gündən bir qan köçürülür. Həyat yoldaşımla ikimiz də daşıyıcı olduğumuza görə uşaqlarda bu xəstəlik var. Böyük oğlumun 2 yaşı olanda dalağı böyümüşdü, o zaman xəstəliyindən xəbər tutduq”.
.jpg)
Şəhid xanımının sözlərinə görə, uşaqların malicəsi Türkiyədə mümkündür. Əgər donor tapılsa, onlara ilik köçürülə bilər: “Uşaqlar hər ay müalicə alırlar. Talassemiya Mərkəzində onlara qan vurulur. Elə müalicə var dövlət hesabına edilir, elə müalicə var ki, onu özüm evdə edirəm. Tamam sağalmalarına görə uşaqların hər birinə 100-150 min manat məbləğ lazımdır. Bununla bağlı “YAŞAT” Fonduna müraciət etmişik. Təzəlikcə analiz götürüblər. Gözləyirik donor tapılsın, lakin hələ ki, xəbər çıxmayıb”.
Şəhid ailəsinin mənzil problemi ilə bağlı Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirdi ki, şəhid ailəsinin mənzil məsələsinə baxılacaq: “Şəhidimiz Əli Quliyevin həyat yoldaşı Röyalə Ağaqulu qızı Quliyevanın ev məsələsi diqqətimizdədir. Mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan bütün şəhid ailələri kimi R.Quliyeva da dövlət tərəfindən mənzil və ya fərdi evlə təmin edilə bilər. Bunun üçün vətəndaş ilkin olaraq yerli icra hakimiyyətində uçota alınmalıdır. İcra hakimiyyətindən göndərilən məlumatlara uyğun olaraq vətəndaşın mənzil təminatı məsələsinə baxılacaq. Vətəndaşla əlaqə saxlanılıb və müvafiq izahat verilib.
Uşaqlarının müalicəsinə gəlincə isə, “YAŞAT” Fondundan “Qafqazinfo”ya bildirildi ki, şəhidimizin övladı Mürsəl Quliyevin müalicə və psixoloji dəstəq istiqamətində 11 997.74 AZN dəyərində xərci Fond tərəfindən qarşılanıb. Şəhidimizin həyat yoldaşının yalnız bir övladı - Mürsəl Quliyevlə bağlı müraciəti Fonda daxil olub, digər övladının səhhəti ilə bağlı hər hansı müraciəti qeydə alınmayıb: “Fond tərəfindən Talessemiya Mərkəzi ilə əməkdaşlıq çərçivəsində 2022-ci ilin iyul ayından etibarən Türkiyədə donor axtarışına başlanılıb, lakin bu günədək tapılması haqqında hər hansı məlumat qeydə alınmayıb. Donor tapılacağı təqdirdə Talessemiya Mərkəzi tərəfindən Fonda məlumat veriləcək. Talessemiya Mərkəzi bilavasitə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyindədir, xidmətlər zərfindən əlavə yaranacaq digər bütün tibbi xərclər Fond tərəfindən qarşılanacaq”.
Qeyd edək ki, şəhid Əli Tədbir oğlu Quliyev 1984-cü il sentyabrın 9-da İmişli rayonunun Otuziki kəndində anadan olub. Ömrünün yarısını, yəni 18 ilini Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib. XTQ mənsubu 2016-cı ilin aprel döyüşlərində də fərqlənib. Vətən Müharibəsində ön cəbhədə döyüşən Ə. Quliyev bacarıqlı və təcrübəli snayper kimi düşmənin xeyli canlı qüvvəsini məhv edib. Cəbrayıl, Xocavənd, Hadrut uğrunda gedən döyüşlərdə fəallıq göstərərək, torpaqlarımızın işğaldan azad olunmasında birbaşa iştirakçı olub. Hətta döyüşlərin birində ayağından ağır yaralansa da, döyüş meydanını tərk etməyib. O, oktyabrın 26-dan 27-ə keçən gün Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezidentin sərəncamlarına əsasən, Əli Quliyev ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Gülnar Əliyeva







