“Çox qəribədir. Allaha and olsun, bu dəqiqə ürəyim partlayır.
Özümün və bəzi insanların səhvləri ucbatından gəlib bu yerlərə düşdüm.
Birinci Divizion da özünə görə çempionatdır, bu il maraqlı keçir. Amma indiki ağlım o vaxt olsaydı, bu gün hər şey fərqli olardı bəlkə də”.
Bu fikirləri Sportinfo.az-a müsahibəsində “Neftçi” ilə iki dəfə Azərbaycan çempionu olan, iki dəfə Azərbaycan kubokunu qazanan və Avropa Liqasının qrup mərhələsində oynamış Emin Mehdiyev dilə gətirib.
Emin çox enerjili, istedadlı və mübariz futbolçuydu. Bunu onu çox yaxından tanıyan biri kimi deyirəm. Eminlə özünün də müsahibədə adını çəkdiyi rəhmətlik Həsən müəllimin rəhbərliyi altında həm məşq yoldaşı olmuşam, həm də eyni şəhərdə böyümüşəm.
Emin bu ölkədə tək deyil. Kiçik araşdırma aparsaq onun taleyini yaşayan onlarla Emin tapa bilərik. Ki, taleyi belə gətirib. Bəli, o, özü də qeyd etdiyi kimi bunda özünün böyük günahı var. Amma tək günahkar da özü deyil axı.
Həm də Azərbaycan futbolunda özünə mütəxəssis deyənlərin əksəriyyəti günahkardı. Çünki Eminə sahib çıxa, ona yol göstərə, əlindən tutub qabağa apara bilməyiblər. Əksəriyyəti də fikirləşib ki, “əşşi Emin gedər, başqa Emin taparıq da”. Ya da intizamsızdı deyib, üzərindən keçiblər.
Bu gün o boyda “Barselona” və onun baş məşqçisi Usman Dembelenin nazı ilə oynayır. Müxtəlif yollarla islahına, intizamlı olmasına çalışır. O iddiada deyiləm ki, Emin Dembele olacaqdı. Məqsəd yanaşmanın doğruluğun çılpaqlığı ilə göstərməkdir.
Lap olsun İtaliya millisi. Uzun illər Mario Balatollenin nazı ilə oynamadılarmı? Bu, bizə tanış olan məşhur adlardı. Gör indi dəstəkdən xəbərsiz olduğumuz başqa neçə-neçə istedadlar var. Amma Tərlan Əhmədov Mehtiyevi ciddi nəsə olmadan komandadan uzaqlaşdırır.
Bu gün Elvin Cəfərquliyev, Toral Bayramov güya intizamlı oyunçulardı? AmmaQurban Qurbanov gah sığal çəkməklə, gah tənbeh etməklə, gah da rotasiyalarla ikisini də itirməməyə çalışır. Hamı belə olmalıdır.
Rəhmətlik Həsən müəllim dəfələrlə küsüb məşqdən gedən Eminə qucaq açırdı. Dəfələrlə bizə deyirdi ki, istedadı olmasa, yaxın da buraxmaram. Amma istedadına görə ona sahib çıxmalıyam.
Ağsaqqal yaşında belə içindəki eqonu kənara atıb, ona sahib çıxmağı özünə borc bilirdi. Elə kişi kimi çıxdı da.
Məhz onun sayəsində Emin uşaq futbolundan böyük futbola keçid edə bildi və “Neftçi”yə kimi yüksəldi. Amma çıxdığı zirvədə qala bilmədi. Çünki ona sahib olacaq kimsə tapılmadı.
Biri başından elədi, digəri komandandan qovdu, sonra da heç biri şans vermədi. Bu ölkədə nə qədər desən istedad var. Sadəcə o istedadlara sahib çıxan, qoruyan, inkişaf etdirən sistem yoxdur. Heç həmin sistemi qurmaq üçün yararlı kadr da yararlı olacaq sayda yoxumuzdur.
PS: Canni De Byazinin bir kəliməsi, bir qərarı ilə Qara Qarayev kimi birini milli komadadan silməyi bacaran futbol sferası başqa necə olmalıdır ki?
XANOĞLAN İMANOV

