Sabiq FİFA regerisi Xaqani Məmmədov deyib ki, Azərbaycanın ən güclü məşqçilərindən biri Tərlan Əhmədovdur.
Bir müddət öncə «Kəpəz»də işə başlayan çalışdırıcı haqqında səsləndirilən fikirə münasibət bildirib, «Qarabağ»lı həmkarı Qurban Qurbanovun adını çəkib:
«Xoş sözlər hər bir insan üçün sevindiricidir. Xaqani Məmmədov Hakimlət Komitəsinin sədri işləyib. «Yaxşıların ən yaxşısıyam» fikri barədə heç düşünməmişəm.
Qurban Qurbanovun nəticəsi varsa, komandası uzun illər avrokuboklarda çıxış edirsə, hələ ki, bir nömrə odur. Nəvaxtsa hansısa komandanı avrokuboklarda qrup mərhələsinə çıxarsam, bəlkə də özüm olduğunu deyərəm».
Dağıl ay dünya, dağıl! Tərlan Əhmədovun özü haqda yüksək fikirdə olmasını görüncə, sevinirsən ki, nə yaxşı, Allah dəvəyə qanad verməyib. Amandır, yoxsa yer üzündə salamat heç nə qoymazdı, vurub dağıdardı.
Qurban Qurbanov müasir Azərbaycanın ən şəxsiyyətli insanlarından biridir. Mən futbolu nəzərdə tutmuram.
O, ölkə üçün bir dəyərdir və dəyərlidir. Adam kimi adamdır. Uzun illərdir «Qarabağ»la Avropada tarix yazır və respublikamızın idman şərəfini ucaldır.
Qurbanova dövlət səviyyəsində böyük etimad və rəğbət var. Haqqında ən yüksək səviyyədə müsbət təqdimat olub.
Qurban bəy bunca xoş münasibətə rəğmən, həmişə təvazökar davranıb, özünü dartmayıb, başqalarına yuxarıdan-aşağı baxmayıb. Bir dəfə deməyib ki, mən Azərbaycanın ən yaxşı məşqçisiyəm, məndən yoxdur, falan-filan.
Bar verən ağac başını aşağı dəyər. O da sadəcə işiylə məşğul olub, müqayisələrdən, paralellərdən qaçıb. Çalışıb ki, adının üzərinə toz qonmasın.
«Qarabağ»la ardıcıl 9 mövsümdür avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanan Qurban Qurbanovun əldə etdiyi uğurları, çətin ki, bundan sonra kimsə təkrarlaya bilsin.
İkinci Qurban Qurbanovun ortalığa çıxması üçün bəlkə bizlərə onilliklər lazım oldu. Hələ bu da şübhəlidir.
Tərlan Əhmədova sözüm budur ki, özünə çəki-düzən versin. Başını başlara qoşmasın. «Kəpəz»də iki qələbə qazanıb deyə, göylərdə uçmasın, dönüb arxaya boylansın.
Dünənə kimi hansı hoqqalardan çıxmasını, «Neftçi» və «Şamaxı»dan uzaqlaşdırılmasının səbəblərini gözünün önünə gətirsin. Vallah, ayıbdır! Axı bu klublar onu nəticələrdən dolayı istefaya yollamayıb.
Futbola xələl gətirən əməllərini biliblər, müqaviləsinə xitam veriblər. Məşqçi bacarığı var, yaxşı təşkilatçıdır, buna sözüm yox. Lakin bədnam işləri Tərlan Əhmədovun bir mütəxəssis kimi inkişafına mane olub, yerində sayır.
Təmiz yol keçsəydi, bu gün iddialı klubların birinin sükanı arxasında dayanardı, daha gedib, İsgəndər Cavadov demiş, küçədə qalan «Kəpəz»də gün saymazdı.
Heç kim çörəyi qulağına yemir, məlumdur ki, o, hələ hazırkı iş yerinə hansı vəzifə sahiblərinə minnətçi düşüb.
Yalvar-yaxarla, ağlayıb sızlamaqla texniki zonada görünmək fürsəti əldə edən birinin «hələ ki, bir nömrə Qurban Qurbanovdur» söyləməsi…
Paho, utanmasan, danışmağa nə var ki!
ELXAN

