Ermənistanda silahlı toqquşmalar planlaşdırılır

11 May 19:30 Problem 290
Ermənistanda silahlı toqquşmalar planlaşdırılır

Ermənistan cəmiyyətini parçalamağa nail oldular. Revanşist erməni müxalifəti Paşinyan hakimiyyətinə qarşı ölkədaxili etiraz dalğasını mümkün qədər genişləndirməyə çalışır.

Halbuki, hələlik Paşinyan hakimiyyətinin siyasi-ictimai dayaqlarını sarsıtmağı bacarmır. Və bu, Ermənistan cəmiyyətində parçalanma olsa da, qüvvələr nisbətinin hazırda Köçəryan-Sarkisyan cütlüyünün rəhbərlik etdiyi Qarabağ klanının xeyrinə olmadığını da göstərir.

Məsələ ondadır ki, revanşist erməni müxalifəti Paşinyan hakimiyyətinə qarşı milli birlik şüarları səsləndirir. Mövcud hakimiyyət devrilməyəcəyi təqdirdə, Ermənistanın 44 günlük savaşda olduğu kimi, sülh danışıqlar prosesində də uduzacağını vurğulayırlar. Bu haldasa, həm Ermənistanın, həm də “artsax”ın Azərbaycan və Türkiyənin nəzarəti altına düşəcəyini iddia edirlər.

Keçmiş prezident və hərbi cinayətkar Serj Sarkisyan bəyan edib ki, Paşinyan hakimiyyəti Ermənistanı Azərbaycanın şərtlərini sakitcə qəbul etməyə və erməniləri isə “vətəndaşlıq hüququ olmayan nökərçiliyə” doğru sürükləyir: “Bu, ermənilər üçün çox ağır sülh sazişi ola bilər. Sülhün dəyəri yalnız Ermənistanın milli maraqlarının təmin edilməsində ifadə olunmalıdır”.

00-30-1575976183.jpg (55 KB)

Digər erməni hərbi cinayətkar Seyran Ohanyan isə mitinqçiləri Ermənistan ordusunun və iqtisadiyyatının qısa müddətdə bərpa oluna biləcəyinə inandırmağa çalışıb. Onun fikrincə, buna nail olmaq üçün ilk növbədə mövcud hakimiyyətin dəyişdirilməsi əsas şərtdir. Bu hərbi cinayətkar hesab edir ki, onun təmsil olunduğu keçmiş hakimiyyət sülh danışıqları prosesində “artsax”ın “özünütəyinetmə hüququ”nun əsas müzakirə mövzusuna çevirməyə çalıırdı.

Nə qədər qəribə də olsa, S.Ohanyan Paşinyan hakimiyyəti ilə yanaşı, Rusiyanı da hədəfə almağa ehtiyac duyub. Onun fikrincə, 44 günlük müharibənin nəticələrindən mütləq ibrət dərsi çıxarmaq lazımdır: “Bu müharibədə əsgər və zabitlərimizin xüsusi rəşadətini görə bilmədik. Ordumuz ancaq pərakəndə halda geri çəkilməklə məşğul idi. Peşəkar hərbçilər anladılar ki, onları aldadıblar”.

Maraqlıdır ki, keçmiş hərbi cinayətkar Rusiyanın Ermənistana “xəyanət” etdiyinə tamamilə əmindir. S.Ohanyan Rusiyanı Ermənistanı savaş meydanında dəstəksiz buraxmaqda qınayıb: “44 günlük müharibədə bizi meydanda tək qoydular. Reallıq budur ki, Rusiya Ermənistanı satdı. Hesab edirəm ki, Qarabağdakı məğlubiyyətimizin əsas səbəbkarı məhz Rusiyadır. Çünki bizə verdikləri silahlar belə öz effektini göstərmədi”.

Təbii ki, Kremlin ən yaxın adamlarından birı hesab edilən Seyran Ohanyanın Rusiyanı ittiham etməsi bir qədər gözlənilməz xarakter daşıyır. Bəzi erməni ekspertlər onun bu davranışını Rusiyanın Qarabağ klanını hələ də yenidən hakimiyyətə gətirə bilməməsinə yönəlik narazılıq kimi yozurlar. Və bu, Kremlin Ermənistanda daxili siyasi-ictimai proseslərə təsirinin zəifləməkdə olduğunu ehtimal etməyə əsas yaradır.

699746_0pwgag6vas.jpg (22 KB)

Halbuki, kütləvi etiraz aksiyalarının daha da genişlənəcəyinə, Paşinyan hakimiyyətinin devriləcəyinə böyük ümidlər bəsləyən Qarabağ klanının rəhbərləri son günlə artıq gələcək planlarını da açıqlamağa başlamışdılar. Həmin planlara görə, baş nazir Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılmasından dərhal sonra müvəqqəti keçid hökuməti formalaşdırılacaqdı. Və bu keçid hökuməti Azərbaycan-Türkiyə İttifaqının ortaq təzyiqlərini neytrallaşdıracaqdı.

Qarabağ klanının vəd etdiyi planların sırasına Ermənistan və “artsax”ın ortaq təhlükəsizlik sisteminin yaradılması, Azərbaycana nəqliyyat dəhlizinin verilməsinin qarşısının alınması, delimitasiya və demarkasiya prosesinin yalnız Ermənistanın şərtləri çərçivəsində aparılması, Türkiyənin qondarma “erməni soyqırımı”nı tanımasına nail olunması və s. bu kimi məsələlər daxildir. Yəni, Qarabağ klanı faktiki olaraq, Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçilik münasibətlərinin qorunub, saxlanmasında maraqlıdır. Hər halda, revanşist müxalifətin elan etdiyi planda sadalananların hər birisi yeni müharibəyə açıq çağırış xarakteri daşıyır.

Ermənistan KİV-lərinin məlumatlarına görə, hələlik Rusiyanın dəstəyi ilə çevriliş etməyə nail olmamış revanşist müxalifət ölkədə qarşıdurmanı dərinləşdirə biləcək radikal addımlara da hazırlaşır. İddia olunur ki, Ermənistanda əhalinin Paşinyan hakimiyyətinə kütləvi itaətsizlik göstərməsinə cəhd edilir. Hətta son nəticədə dövlət çevrilişinin baş tutması üçün kütləvi iğtişaşların törədilməsi, silahlı toqquşmalar belə, revanşist müxalifətin planlarında yer alır.

Ancaq hələlik Qarabağ klanı Ermənistan cəmiyyətinin dəstəyini qazanmağa nail olmayıb. Əksinə son günlər revanşistlərin aksiyalarına qarşı etiraz edənlərin də sıraları genişlənir. Revanşistlərə qarşı çıxan əhalinin müəyyən qismi Qarabağ klanını və Köçəryan-Sarkisyan cütlüyünü Ermənistanın büdcəsini oğurlamaqda, ölkəni onilliklər ərzində fəlakətə sürükləməkdə suçlayırlar. Və Köçəryan-Sarkisyan cütlüyündən nəhayət ki, kənara çəkilib, Ermənistanı rahat buraxmasını tələb edirlər.

ermeni-revanshist.jpg (990 KB)

Ermənistan KİV-lərinin son məlumatlarına görə, baş nazir Nikol Paşinyana 100 nəfər yaxın ictimai xadimin açıq müraciəti göndərilib. Həmin müraciətdə baş nazir Nikol Paşinyandan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması xahiş olunur: “Biz tələb edirik ki, siz baş nazir kimi Azərbaycanla sülh danışıqları prosesindən bir addım belə, uzaqlaşmayasınız, geri çəkilməyəsiniz. Ərazi mövzularını unutmağınızı və Ermənsitanı sülhə götürməyinizi xahiş edirik. Biz yeni müharibə deyil, dayanıqlı sülh istəyirik”.

Göründüyü kimi, revanşist erməni müxalifəti bu dəfə Ermənistan cəmiyyətinin dəstəyini qazanmaqdan bir xeyli uzaqdır. Ermənistan cəmiyyəti Qarabağ klanının özəl maraqlarının girovuna çevrilmək istəmir. Köçəryan-Sarkisyan cütlüyünün davaranışlarının Ermənistanı yeni müharibə təhlükəsi ilə üzləşdirə biləcəyini anlayır. Və bu halda, Azərbaycanın verəcəyi sərt cavab reaksiyasının Ermənistana olduqca baha başa gələcyinin fərqindədir.

Belə anlaşılır ki, Rusiyanın Ermənistanda hakimiyyəti dəyişdirməyə hələlik gücü çatmır. Revanşist erməni müxalifətinin isə Paşinyan hakimiyyətini təkbaşına devirmək imkanları yoxdur. Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətində öz siyasi-ictimai dayaqlarını əhəmiyyətli səviyyədə qoruyub, saxalaya bilib. Ona görə də, revanşist düşərgə daha da aqressivləşir, Ermənistanda iğtişaşlar, silahlı toqquşmalar törətməyə, hətta vətəndaş müharibəsinə can atır. Və məhz belə bir situasiya Ermənistan əhalisini narazı olduğu Paşinyan hakimiyyətini dəstəkləmək məcburiyyətində buraxır (musavat.com).

Elçin XALİDBƏYLİ

Digər Xəbərlər
Xəbər Lenti