Avropasevərlərin “total futbol” taktikası

14 Noyabr 2021 16:40 Problem 461
Avropasevərlərin “total futbol” taktikası

Ölkəmizdə qonşu və uzaq ölkələrə rəğbət bəsləyən ictimai-siyasi fəallar qruplarının olması heç kəsə sirr deyil.

Onlar mövcuddurlar və öz mövcudluqlarını gizlətmirlər.

Hətta bu artıq “mövcudluğu büruzə vermək” aktı olmaqdan çıxıb. Adamlar hər gün sosial şəbəkələrdəki səhifələrinə daxil olur, rəğbət bəslədikləri ölkənin təbliğatını aparır, o ölkələrə yönəlik tənqidlərə cavab verirlər.

Bir ara Rusiyaya və İrana rəğbət bəsləyən qruplar daha fəal idi, bəzən açıq-aşkar aqressiv mövqe tuturdular. Sonradan siyasi konyukturaya uyğun olaraq fəallıqları xeyli öləzidi. Məcburiyyət üzündən dibə çəkilənlər də oldu.

Fəqət bu ölkədə elə bir rəğbət qrupu var ki, onlar həm fəaldırlar, həm də ötkəmdirlər. Aqressivliklərinə də söz yoxdur, hamını borclu çıxarmağa, qınamağa çalışırlar.

Bunlar Qərb dövlətlərinə, Avropaya rəğbət bəsləyənlərdir. Bu fəalları bəzən digər rəğbət qrupları kimi “5-ci kolon” və ya “qrantyeyənlər” adlandıranlar da var, amma tam olaraq elə deyil.

Məsələ ondadır ki, Avropaya rəğbət bəsləyənlərin kiçik bir hissəsi həqiqətən də Avropadakı səxavətli fondların ayırdığı qrantlardan barınırlar. Avropanı sevənlərin tam əksəriyyətinin maliyyə yardımlarından xəbərləri yoxdur.

İkincilər daha çox Avropanın demokratiya və insan haqlarına verdiyi dəyəri, tətbiq etdiyi standartları, yaşam tərzini sevirlər, bu ölkələrdə qanunun aliliyinə riayət edilməsinə, insanların təməl hüquqlarına qoyulan hörmətə diqqət edirlər və istəyirlər ki, öz ölkələrində də elə olsun.

Fəqət, birincilərin, yəni Avropa dəyərlərini sırf maaş, mükafat, qrant aldıqları üçün təbliğ edənlərin missiya və funksiyası, eləcə də davranış və mübarizə üsulları fərqlidir.

Onlardan bu cür olmağı, belə düşünməyi tələb edirlər, məhz buna görə onlara pul-para ödəyirlər. Adamların aqressiyası da buradan doğur. Bu şəxslər müəyyən qədər mütəşəkkildirlər, əsasən sosial şəbəkələrdə, ayrı-ayrı platformalarda birləşiblər və həlledici anda toparlana bilirlər.

Onların mübarizəsini məşhur idman termini ilə desək, “total futbol”a bənzətmək olar - “hamılıqca hücuma, hamılıqca müdafiəyə”.

Pul qarşılığında Avropaya rəğbət bəsləyənlərin zaman-zaman ötkəm olması ictimaiyyət arasında dəstəkçiləri çox olmasına görəydi. Ancaq Avropa dövlətlərinin tam əksəriyyətinin Qarabağ müharibəsi zamanı Azərbaycanı haqsız çıxarması, ermənipərəst mövqe tutması dolayısı ilə bu şəxslərin əlini zəiflətdi, dilini gödəltdi.

Ortaya çıxdı ki, indiyədək “qrantyeyənlər”ə milyonlarla pul ödəyənlər onlardan pasifist olmağı tələb edir, müharibəyə qarşı çıxmalarını istəyirlər. Ölkə iqtidarını militarizmdə suçlamaq göstərişi onlardan gəlmişdi. 44 günlük müharibə zamanı sosial şəbəkələrin Azərbaycan seqmentində ortaya çıxan “Müharibəni dayandır!”, “Savaşa yox!” şüarlarının qaynağı məhz o tələblər idi.

Bizim “sülhpərvərlər” Azərbaycanın öz əzəli torpaqlarını işğaldan qurtarmasına, ərazi bütövlüyünün bərpa etməsinə qarşıydılar.

Bu yerdə onlarla Avropa dəyərlərini və standartlarını təmənnasız sevənlərin yolları ayrılırdı. İkincilər torpaqların azad olunmasını ürəkdən istəyənlər, bunu illərlə arzulayanlar idi. Onlar başa düşürdülər ki, demokratiya və insan haqları uğrunda mübarizəni ölkəmizin ərazi bütövlüyü bərpa olunandan sonra da aparmaq olar.

Hazırda müharibə, revanş çaırışları məhz Ermənistanda səslənir, Ancaq nə bizim “pasifistlər”, nə də erməni “sülhpərvərlər” irəli durub tərəflərə, əsasən də revanş arzusunda olan erməni fəallara sülh çağırışları etmirlər və sona qədər də etməyəcəklər. Çünki bir sıra Avropa ölkələri bu dəfə onlardan “xalqların öz müqəddaratını təin etmək haqqı” uğrunda mübarizə aparmalarını tələb edəcək.

Ümumiyyətlə, bizdə belə bir köhnə və yanlış qənaət var ki, inkişaf etmiş, öncül Avropa dövlətləri bütün iddia və təsbitlərində həmişə haqlıdırlar, nə deyirlərsə, düz deyirlər.

Elə deyil. Avropa dövlətlərini yeritdiyi xarici siyasətdə xeyli neqativliklər, axsaqlıqlar, haqsızlıqlar var. Hamısını sadalamaq uzun vaxt aparar. Məsələn, on illərdir Kipr məsələsində münaqişənin həlli üçün mülayim mövqe tutan, adada birgə yaşamağa referendumda “hə” deyən türkləri dəstəkləməkdənsə, aqressiv mövqe tutan, “yox” deyən yunan tərəfinə qahmar çıxırlar.

Avropanın böyük dövlətlərinin Qarabağ məsələsindəki haqsız mövqeyi də artıq hər kəsə əyandır.

Xalid KAZIMLI

Digər Xəbərlər
Xəbər Lenti