
Bir az qarışıq (çox qarışıq yazsam, indidən üzrlü sayın) futbol söhbəti edək.
Məlumdu ki, sekulyarlıq, qloballaşma, kosmopolitizm kimi konsepsiyalar doğru tətbiq zamanı dini, sinfi, cinsi, irqi, məzhəb və başqa ayrıseçkilikləri aradan qaldırır, sıfıra endirir.
Bu, heç də pis bir şey deyil və cəmiyyətlərin inkişafına böyük təkan verir.
Amma onu da etiraf etmək lazımdı ki, sevimli idman növümüzün əsas ilham mənbəyi də azarkeşlərin məhz bu seçimlərindən (ayrıseçkiliklərindən) irəli gələn ehtiras toqquşmasıdı.
Qlazqodakı məzhəb, İspaniyadakı siyasi, İtaliyadakı sinfi derbilərin yüzlərlə, minlərlə oxşarı Avropanı, elə dünyanı da "başına alıb".
İnsanların klublarını işin idman, oyun və ya əyləncə yox, başqa, yuxarıda qeyd etdiyim səbəblərdən seçdiyini bilirik. Məsələ də budu ki, məhz bu seçimlər böyük derbiləri yaradır, böyük gərginlik, böyük intriqa, böyük marağa səbəb olur.
Son 10-15 ildə bu maraqlar, onların aşırı müdafiə edilməsi, bunun bariz nümayiş etdirilməsi nümunələri azalmağa doğru gedirdi ki, futbol da bu səbəbdən əvvəlki cərəyanlılığını itirərək oyundan əyləncəyə doğru əmin addımlarla yol almağa başlamışdı.
Bu isə bir müddət sonra ölümünə aparırdı.
Pandemiya da bu cərəyanın lap kökünə balta vurdu.
İnsanlar nəinki bir-biriləri ilə, hətta oyunun özü ilə birbaşa təmaslarını itirdilər. Futbol tamamilə televizora "köçdü", kiberləşməyə istiqamətləndi. Ölünün tabutuna son mismar effekti verən bu proses hələ də dayanmayıb.
Amma...
Pandemiya həm də insanları tək futboldan yox, hər şeydən uzaqlaşdırdı, öz mentalitetinə, öz köhnə, unudulmağa doğru gedən prinsiplərini geri qaytarmağa doğru itələdi. Bir mənzil belə qalaya çevrilmişkən, bir binanın, ardınca da bir məhəllənin necə böyük bir istehkam olduğunu göstərdi bizə.
İlk baxışdan xəstəlik hamını vahid bir bəlaya qarşı birləşməyi öyrətdi, digər tərəfdən hərə öz evinə, öz qapısına, öz binasına qapanaraq qorundu.
Baxış bucağı dəyişdi. Bu isə yeni və dəyişmiş dəyərlər deməkdi. Bu isə yeni sevdalar, yeni cəhbələr deməkdi. Bu isə futbolun yenidən əvvəlki əzəmətini qaytarması üçün bəlkə də son bir şans deməkdi.
Mən belə düşünürəm, ümid edirəm ki, məhz belədi.
Kənan Məstəliyev