Sportinfo.az xəbər verir ki, AFFA azarkeşlər üçün yeni və innovativ rəqəmsal futbol məhsulu olan APL Fantasy platformasının rəsmi istifadəyə verildiyini elan edib.
APL Fantasy Azərbaycan Premyer Liqasının azarkeşlərinə öz futbol biliklərini nümayiş etdirmək, virtual komanda qurmaq, liqa iştirakçıları ilə rəqabət aparmaq və mövsüm ərzində müxtəlif mükafatlar qazanmaq imkanı yaradıb.
İştirakçılar Premyer Liqa oyunçularından ibarət heyət formalaşdıraraq hər turun nəticələrinə uyğun xallar toplayacaq və ümumi reytinqdə yüksəlmək uğrunda mübarizə aparacaqlar.
Layihənin əsas məqsədi Azərbaycan futboluna marağı artırmaq, azarkeşlərin çempionatda iştirak hissini gücləndirmək və rəqəmsal platformalar vasitəsilə futbolsevərlərə yeni təcrübə təqdim etməkdir.
APL Fantasy həm veb-platforma, həm də mobil tətbiq formatında istifadəçilərin ixtiyarına verilib.
Futbolsevərlər platformaya qoşulmaq üçün rəsmi internet səhifəsinə daxil ola və ya tətbiqi App Store və Google Play üzərindən yükləyə bilərlər.
"Fantasy football" iştirakçıların virtual futbol komandası formalaşdırdığı oyundur.
Virtual komandanın üzvləri real yarışlarda çıxış edən futbolçuların prototipləridir və onların real oyunlarda göstərdikləri statistik nəticələrə əsasən iştirakçılar xal qazanırlar.
Konsepsiya ilk dəfə 1991-ci ildə İngiltərədə geniş ictimaiyyətə təqdim olunub. Oyun İngiltərə Premyer Liqasının 1992/93 mövsümündə milli miqyasda geniş populyarlıq qazanıb.
Layihənin müəllifi, AFFA-nın Futbolun İnkişafı Departamentinin skautinq və analitika üzrə meneceri Ziya Əsgərov bildirib ki, iştirakçılar yaratdıqları hesablara həm sayt, həm də mobil tətbiq vasitəsilə daxil ola bilərlər:
"Hər bir istifadəçi iki komanda yaratmaq imkanına malikdir. Komandaya 15 futbolçu seçmək olar.
Lakin eyni klubdan ən çox üç oyunçu daxil edilə bilər. Seçilmiş futbolçuların vurduğu qollar və göstərdikləri nəticələr iştirakçıya xal qazandırır".
Əsgərov əlavə edib ki, qaliblər üçün səyahət paketi, PlayStation 5 və sponsorların müxtəlif hədiyyələri nəzərdə tutulub.
Onun sözlərinə görə, ötən mövsüm dünya üzrə FPL-də 13 milyon istifadəçi iştirak edib. Yaratdıqları layihədə məqsəd isə Azərbaycan futbolsevərlərinin də bu platformaya böyük maraq göstərməsinə nail olmaqdır.

