AFFA-nın təşkilatçılığı ilə APL Fantasy layihəsinin rəsmi təqdimat mərasimi keçirilib.
Sportinfo.az xəbər verir ki, tədbirdə eyni zaman layihənin veb saytı və mobil tətbiqi təqdim olunub.
"Fantasy football" iştirakçıların virtual futbol komandası formalaşdırdığı oyundur.
Virtual komandanın üzvləri real yarışlarda çıxış edən futbolçuların prototipləridir və onların real oyunlarda göstərdikləri statistik nəticələrə əsasən iştirakçılar xal qazanırlar.
Konsepsiya ilk dəfə 1991-ci ildə İngiltərədə geniş ictimaiyyətə təqdim olunub. Oyun İngiltərə Premyer Liqasının 1992/93 mövsümündə milli miqyasda geniş populyarlıq qazanıb.
Tədbirdə çıxış edən AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib ki, APL Fantasy layihəsinin əsas məqsədi Azərbaycan Premyer Liqasına marağı artırmaq və oyunlara daha çox azarkeş cəlb etməkdir.
Onun sözlərinə görə, bu cür platformalar dünyanın aparıcı futbol liqalarında böyük populyarlıq qazanıb.
C.Fərəcullayev qeyd edib ki, Azərbaycanda da layihəyə ciddi maraq olacağına inanırlar.
O xatırladıb ki, təkcə İngiltərə Premyer Liqasının Fantasy oyununda Azərbaycandan 15 mindən çox istifadəçi qeydiyyatdan keçib. Baş katib hesab edir ki, yeni platforma yerli çempionatın izlənməsinə əlavə diqqət yaradacaq.
"APL Fantasy layihəsini Premyer Liqamızı daha cəlbedici etmək üçün istifadəyə veririk. İnanırıq ki, bu platforma həm yeni azarkeşlər cəlb edəcək, həm də çempionatımıza marağı artıracaq.
Təkcə İngiltərə Premyer Liqasının Fantasy oyununda Azərbaycandan 15 mindən çox istifadəçi var. Hesab edirik ki, yerli platformamız da böyük maraq doğuracaq".

