Klublarımız avrokuboklara fırtına kimi başlayıb.
"Sabah" və "Zirə"nin ardınca "Qarabağ" da cavab görüşündə qələbə qazandı.
6 matç və 6 qol.
16 qol vuran təmsilçilərimiz öz qapısında cəmi 1 qol görüb.
Möhtəşəm tablodur.
Maraqlıdır bəs bunun əsas səbəbi nədir?
Püşkün bəxtimizə kifayət qədər münasib rəqiblər çıxarması, yoxsa klublarımızın inkişafı?
Kimə nə sərf edir, o fikri də əlində əsas tutur.
Məncə, bir qədər tələsirik.
Axı indidən birmənalı şəkildə fikir yürütmək çox tezdir.
Səbəblər də nə qədər desəniz.
Əvvəla uğurlu olan 3 klubumuz üçün ilkin mərhələ arxada qalıb.
"Qarabağ" və "Sabah" üçün burada məğlub olması dünyanın sonu kimi qəbul ediləcəkdi.
Ağdamlılara İslandiyanın ikinci liqa klubu, son çempionumuza isə zəif Uels çempionu qismət olmuşdu.
Bu şərtlər altında da qələbə qazanmamaq rəzalət hesab olunacaqdı. Qələbələr isə çox təbii qəbul edilməlidir.
Hə, müqayisədə "Zirə"nin çıxışını təqdir etmək olar.
Son anda avrokuboklara getməli olsalar da məyus etmədilər.
Amma istənilən halda "qartallar" klub futbolunda çox önündə olduğumuz Gürcüstan təmsilçisini məğlub edib.
Hər üç klubumuz üçün əsl döyüş bundan sonra başlayır.
Düzdü, bu dəfə "Zirə"yə çox münasib rəqib düşüb - Estoniya təmsilçisi "Payde".
Amma həm "Sabah", həm də "Qarabağ"ın rəqibləri daha dişli hesab oluna bilər.
Yenə kağız üzərində "Sabah" və "Qarabağ" favoritdir.
Lakin nə KUPS TNS-di, nə də CSKA "Vestri".
Bir sözlə, gəlişi gözəl sözlərə, təriflərə tələsmək olmaz.
Atalarımız "cücəni payızda sayarlar" deyib.
Biz də payızı gözləsək yaxşı olar.
Onda biləcəyik ki, neçə klubumuz evə qayıdacaq, neçəsi Avropa səhnəsində yoluna davam edəcək.
Bax, ən yaxşı qiyməti onda vermək olar.
Gözləyək...
XANOĞLAN/ SPORTİNFO.AZ

