“Qarabağ” hələ Elvin Cəfərquliyevlə yollarını ayırmağa hazırlaşmır.
Bu barədə klub rəhbərliyindən saytımıza bildirilib.
Qeyd olunub ki, yaxınlarda əvəzedici heyətə göndərilən müdafiəçinin satışa çıxarılmasından danışmaq hələ çox tezdir. Hər şey Qurban Qurbanovun qərarından asılıdır.
Baş məşqçi isə onunla bağlı son sözünü hələ yönətimə söyləməyib. Təcrübəli çalışdırıcının futbolçunu bağışlayıb-bağışlamayacağı mövsümün yekununda bəll olacaq.
Qurbanovu belə addım atmağa vadar edən səbəb Elvinin futboldan kənara işlərə daha çox vaxt ayırmasıdır.
Bunların arasında xüsusi əyləncəli partilər də yer alıb. Xanımların da iştirak etdiyi partilərin sayının artması Elvin Cəfərquliyevin “qələminin qırılması” ilə nəticələnib.
Qurban Qurbanov vacib oyunlardan biri öncəsi Elvin Cəfərquliyevin partidə iştirakını öyrəndikdən sonra daha əvvəllər də intizamsızlığa yol verən futbolçusunu bağışlamayıb. Nəticədə 25 yaşlı sol cinah oyunçusu əvəzedici komandaya göndərilib.
Məlum hadisə “Şamaxı“ ilə səfər matçından sonraya təsadüf edib.
0:0 başa çatan Premyer Liqanın 27-ci tur matçının ardından o, komanda yoldaşı Abbas Hüseynovla birlikdə Bakıdakı gecə klublarından birinə üz tutub və səhəri orada açıb.
Qurbanov onların görüntülərini əldə edib.
Hadisədən haqlı olaraq hiddətlənən mütəxəssis səbəbəkarlara bu halın dözülməz olduğunu çatdırıb. Amma özü futbolçularla görüşməyib, fikrini idarəçilər vasitəsilə bildirib.
SPORTİNFO.AZ


