Lider və son çempion büdrədi, "Neftçi" yenə ön planda

21:00 Premyerliqa 336
Lider və son çempion büdrədi, "Neftçi" yenə ön planda

Lider "Sabah" 27-ci turu xal itkisi ilə başa vurdu.

"Bayquşlar" daha üstün oynadığı, daha çox qol imkanları yaxaladığı "Zirə" önündə 3 xalı qopara bilmədi.

"Qartallar" əvvəlki iki oyunla müqayisədə bu dəfə daha yaxşı mübarizə apardı.

Qazanılan 1 xala görə qonaqlar həm də şansına minnətdar olmalıdır.

İtirilən iki xala rəğmən Valdas Dambrauskasın yetirmələri çox da üzülmədi.

Çünki daha əvvəl "Sabah"ın ən yaxın izləyicisi "Qarabağ" Şamaxıda büdrəmişdi.

Ağdamlılar Kərim Rossi, Dioqo Balau kimi əsas fiqurlarının xidmətindən məhrum olan rəqibinin müqavimətini qıra bilmədi.

"Köhlən atlar" ərazi üstünlüyünə sahib olsa da real qol imkanlar yaxalamaqda sıxıntı yaşadı.

Rahat qələbə qazanacağı gözlənilən Şamaxı səfərində "Qarabağ" heç özünə bənzəmədi.

Meydanda olanların əksəriyyəti Premyer Liqadan doyan, motivasiyası aşağı olan, indidən gələcək komandasını düşünən futbolçu təsiri bağışlayırdı. ÇL havası başında qalanlar az deyil.

Halbuki həftələr sonra çempionluq mübarizəsində "Sabah"la aradakı xal fərqini azaltmaq üçün əla şans yaranmışdı.

Dəyərləndirmək mümkün olsaydı, çempionatın ən çətin perioduna daxil olarkən müəyyən qədər psixoloji üstünlük də "Qarabağ"ın tərəfinə keçəcəkdi. Bəlkə də "Sabah"ın növbəti xal itkilərinin təməli qoyula bilərdi.

Amma Qurban Qurbanovun yetirmələri bunu bacarmadı.

"Sabah"la "Qarabağ"ın büdrədiyi turda "Neftçi" azarkeşlərini sevindirə bildi.

Ardıcıl 4-cü görüşdə qələbə qazanmaqla. Sonuncu dəfə 4 il əvvəl Regekamfın dönəmində belə hadisə yaşanıb. Vernidub futbolçuları inandıra bilib ki, nəinki avrokuboklara getmək, hətta medalçılar sırasında yer almaq da olar. "Araz-Naxçıvan" qarşısında xüsusilə ilk 60 dəqiqədə çox yaxşı "Neftçi" gördük.

Sürətli hücumlar, öndə pressinq, müdafiə planında düzgün geridönüşlər. Tablodakı 2:0 təsadüf yox, "ağ qaralar"ın meydandakı mübarizəsinin ədalətli nəticəsi idi.

Rəqib qapıçı Tərlan Əhmədli olmasaydı fərq daha böyük ola bilərdi. Slavik Alxasovun fərqi azaltması isə Vernidubun dediyi kimi qələbəyə erkən inanmağın, oyundan erkən qopmağın cavabı idi. Qarşıdan "Zirə" ilə görüş gəlir.

Yuri Vernidub ilk dördlükdə yer alan komandalar üzərində ilk dəfə qalib gələ bilsə, "Neftçi"ni aylar sonra ilk dördlüyə qaytaracaq. Bu oyun "Turan Tovuz"la sonuncu qarşılaşmanın əhəmiyyətini xatırladır.

"Neftçi" həmin görüşdə uduzmaqla avrokuboklara getmək şansını bir xeyli kölgə altına salmışdı. Sonrakı qələbələrlə vəziyyəti düzəltmək mümkün oldu. Bu dəfə eyni fürsəti əldən vermək mövsümü itirmək bahasına başa gələ bilər. Səhv etmək limiti bitib.

Turun şoku Yevlaxda yaşandı.

"Zirə", "Turan Tovuz", "Qarabağ" kimi iddialıların başağrısına çevrilən "Kəpəz" aşkar autsayder "Karvan-Yevlax"la görüşdə darmadağın oldu.

"Qəbələ" ilə oyunda olduğu kimi bu dəfə də Azər Bağırovun yetirmələri özünə bənzəmədi.

İddialı rəqiblərdən qızıl dəyərində xallar alıb, birbaşa rəqiblərlə oyunda heç nə ilə yadda qalmamaq yaxşı hal deyil.

"Qarabağ"la görüşdə qəhrəmanlıq edib, autsayderlərə uduzan komanda ciddi qəbul edilə bilməz. Ya motivasiya yerində deyil, ya da daxildə yenə başqa problemlər cərəyan edir.

"Karvan-Yevlax" 8 aydan sonra mövsümdə ikinci qələbəsini qazandı. Füzuli Məmmədov ötur "Qarabağ"a 0:7 məğlub olduğu görüşdə start heyətində 9 əcnəbiyə güvənmişdi. Bu dəfə isə 6 yerli oyunçu ilə meydana çıxmaqla gəlmələrə üz çevirmişdi.

Elə parlaq qələbənin memarı da het-trik edən yerli Rauf Rüstəmli oldu. Digər qolu Eltun Turabov vurdu. Bununla liqada qalmaq üçün iynə ucu qədər də olsa şanslar cücərmiş oldu. "Kəpəz" isə pley-off təhlükəsini yenidən hiss etməkdədir.

"İmişli" 14 oyunluq qələbə həsrətinə Qəbələdə son qoydu.

Hansısa tərəfin daha üstün oynadığını demək olmaz. Sönük keçən, qol epizodlarının kasad olduğu qarşılaşmada qolu vuran 3 xalı qazanacaqdı. Bunu Jorj Kaşkilyanın yetirmələri bacardı. "İmişli" vacib qələbə ilə 11-ci pilləyə enmək təhlükəsini də bir xeyli sovuşdurmuş oldu.

"Turan Tovuz" 4 aylıq aradan sonra Tovuza qayıdışını qələbə ilə qeyd etdi.

Bununla da bölgə klubun böyük ölçüdə bürünc medalı qazanıb, ölkəmizi Konfrans Liqasında təmsil edəcəyi dəqiqləşdi.

Qayıdaq oyuna...

3 xal tovuzlulara heç də asan başa gəlmədi.

50-ci dəqiqədə meydan sahibləri 2-ci qolu vuranda məsələnin bitdiyini düşünmək olardı.

Lakin 64-cü dəqiqədə qonaqların fərqi azaltması gərginliyi bir xeyli artırdı.

Qolun gətirdiyi motivasiya və Saşa İliçin əvəzetmələri ilə özündə əlavə güc tapan "kimyaçılar" son yarım saatda üstün tərəfə çevrildi.

Emil Mustafayev yarım metrdən qapını nişana ala bilsəydi, qonaqlar Tovuzdan xalla da qayıda bilərdi.

Sonrakı dəqiqələrdə müdafiədə daha diqqətli olan Berdıyevin yetirmələri çətinliklə olsa belə növbəti vacib 3 xalı aktivinə yazmış oldu.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti