"Karvan-Yevlax" Premyer Liqanın 27-ci turunda 8 aylıq qələbə həsrətinə son qoydu.
Aran təmsilçisi doğma divarlar arasında "Kəpəz"i məğlub etdi - 4:1.
Görüşün qəhrəmanı isə 3 qolla yadda qalan Rauf Rüstəmli oldu.
Sportinfo.az-a açıqlama verən yarımmüdafiəçi həm görüş barədə danışıb, həm də 3 qol vurmasını şərh edib:
"Ancaq qələbə barədə düşünürdük. Rəqib də münasib idi.
Bu görüşdə də məğlubiyyət bizim üçün çox pis olardı. Uzun müddətdir qələbə qazana bilmirdik.
Əlimizdən gələni edib istəyimizə çatdıq. İnanıram ki, bu nəticə kollektivdə özünə inamı artıracaq. İnşallah, qələbənin davamı da gələr.
Sona 6 tur qalır. Hər oyun məqsədimiz 3 xal olacaq. Daha çox xal qazanmaq istəyirik.
Oyundan öncə kimsə 3 qol vuracağımı desəydi inanmazdım. Premyer Liqada qol hesabını belə açmamışdım.
Allah çox şükürlər olsun. Böyük sevinc yaşadım.
Həm ilk qolumu vurdum, həm də het-trik etdiyim görüşdə komandamız vacib qələbə qazandı".
XANOĞLAN

