21000 azarkeş, sürətli oyun, baş məşqçilərin gedişləri və təbii ki, vurulan 4 qol.
"Qarabağ" - "Sabah" görüşündə futbol adına arzuladığımız hər şey var idi.
İlk 20 dəqiqədə "Qarabağ" özünə bənzəmirdi. Düzdü, topa daha çox sahib olan ağdamlılar idi. "Sabah" bir qədər geridə qalmaqla rəqibin səhvlərini gözləyirdi ki, sürətli əks hücumlarda istəyinə çatsın.
Elə ilk qol da bu ssenari sonrası vuruldu. Kadi Borqes sadə epizodda topu itirdi. Davamında Xəyal Əliyevin əla zərbəsini Koxalski dəf etsə də özünü yetirən Umarali Raxmonaliyev adını tabloya yazdırdı.
Ötən dəfə 0:3 geri düşəndən sonra ayılan "köhlən atlar" daha erkən özünə gəldi.
Buraxılan qoldan sonra Qurban Qurbanovun yetirmələri sürəti bir xeyli artırdı.
Belədə qonaqların müdafiəsində boşluqlar yaranmağa başladı. Xüsusilə Puxaçın cinahında yer alan Leandro Andradenin ötürmələri təhlükəli alınırdı.
Təzyiq çox keçmədən öz bəhrəsini verdi. Zedadka riskli oynadı, Solvet ardını gətirə bilmədi.
Topu ələ keçirən "Qarabağ"ın oyunçuları Kadi Borqeslə bərabərlik qolunu vurdu. Meydan sahibləri fasiləyə üstün yollana bilərdi. Əgər Montiel və Duran real qol imkanlarını qaçırmasaydı. Ağdam klubu ikinci yarıya da üstün başladı. Bunun məntiqi nəticəsi olaraq axtardığı ikinci qolu vura bildi. Kadi Borqes əla zərbə ilə dubl etdi.
Bununla həm də buraxılan qoldakı səhvini tamamilə "yumuş" oldu.
Lakin hesabdakı üstünlük cəmi 5 dəqiqə çəkdi. Umarali bu dəfə penaltini dəqiq yerinə yetirərək yenidən tabloda tarazlıq yaratdı.
Bərabərlik qolundan sonra "tələbələr" daha inamlı görünən tərəfə çevrildi. Bir epizodda Koxalski qola mane oldusa, digərində "Sabah"ın oyunçuları qeyri-dəqiq oynamaqla qələbə qazanmaq fürsətini əldən vermiş oldu.
Belədə qeyd alınan heç-heçə ədalətli nəticə sayıla bilər.
Hər iki tərəfə isə göstərdiyi oyuna görə alqış düşür.
Eyni sözləri hakimlər briqadası barədə də demək olar.
Baş hakim Rauf Cabarov və komandası işinin öhdəsindən layiqincə gəldi.
Hər hansı söz-söhbətə yol açacaq qərar görmədik.
Oyunun gedişində Qurban Qurbanovun Elvin Cəfərquliyevlə Akim Zedadkanı barışdırması, final fitindən sonra Valdas Dambrauskasla dostcasına danışması diqqətdən qaçmadı.
Nə xoş ki, final fitindən sonra hər kəs bu cür gözəl mənzərədən, baxımlı oyundan danışır.
XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

