23-cü tura Yevlaxda start veriləcək.
Sonuncu pillənin dəyişməz sahibi “Karvan-Yevlax” son vaxtlar özünə bənzəməyən “Sumqayıt”ı qəbul edəcək.
Yeni ildə komandalar arasında məhz Yevlax şəhər stadionunda baş tutan görüşdə qonaqlar 2:0 hesablı qələbəyə sevinmişdi.
Lakin bir şey də var ki, “Sumqayıt” ötən həftə məhz bu stadionda “Kəpəz”lə dueldə darmadağın olub – 0:3.
Bəs, bu dəfə necə olacaq? “Qəbələ”ylə qarşılaşmadan 1 xalla ayrılan yevlaxlılar “Sumqayıt”ı xalsız yola sala biləcək?
“Ağ-qaralar”ın “11 nömrə”si Kayl Spensi dinləyək:
“Kəpəz”lə “Sumqayıt” arasındakı oyuna baxdıq. Düzdür, “Sumqayıt” böyük hesabla uduzdu, lakin bu, heç bir halda onların zəif olması anlamına gəlməməlidir.
Sonuncu, yəni həlledici dövrə başlayır. Bundan sonra hər qələbə bizim üçün 9 xal deməkdir. Məqsədimiz qələbəsizlik seriyasına son qoymaqla azarkeşlərimizi sevindirmək və turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaqdır.
Rəqibin heyətindəki itkilər? Buna çox da önəm verməyə gərək yoxdur. Çünki heyət genişdir, biri oynamayanda digəri özünü göstərməyə çalışır. Önəmli olan öz oyunumuza baxmaqdır, rəqibin vəziyyətinə yox.
Öz meydanımızda, azarkeşlərimizin dəstəyi ilə qələbə qazanacağımıza inanıram. Başqa fikrim və ehtimalım yoxdur”.
Bu gün Yevlax şəhər stadionunda keçiriləcək “Karvan-Yevlax” – “Sumqayıt” matçı saat 15:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

